Buranello: Ukrayna ilə oyun hər şeyə aydınlıq gətirəcək
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Laersio Buranellonun azerisport.az saytına müsahibəsi
- Əsas seçmə mərhələdəki ilk oyunda Belçikaya qalib gəldiniz. Oyun barədə nə deyə bilərsiniz?
- Biz çox çalışdıq. Ağır oyun alındı. Belçika güclü rəqibdir. Onlar həm texniki, həm də taktiki cəhətdən yaxşı hazırlıqlı idilər. Mən vaxtilə Belçikada oynamışam və buna görə bütün yığma üzvlərini tanıyırdım. Amma biz daha çox çalışdıq və nəticədə qalib gəldik.
- İkinci hissədə oyununuz elə də yaxşı alınmadı. Niyə?
- Üç qol vurduqdan sonra bir qədər sakitləşdik. Amadeunun sarı vərəqəsi olduğuna görə, riskə getmək istəmədik. Daha çox qol vura bilərdik, amma alınmadı. Xüsusi bir problemimizin olduğunu deməzdim.
- Buraxılan qol komanda üçün problem yaratmayacaq?
- Düşünmürəm. Qarşıda daha iki oyun var. Həmin görüşləri də qələbə ilə başa vurmalıyıq. Yaxşı şansımız var. Bu görüşlərdə bizi ancaq qələbə qane edəcək.
- Ukrayna ilə oyun barədə nə deyə bilərsiniz?
- Hər şeyə Ukrayna ilə oyunda aydınlıq gələcək. Amma bizə indi daha çox Danimarka ilə matçı düşünmək lazımdır.
- Ouyna bu qədər azarkeşin gələcəyini gözləyirdiniz?
- Azarkeşlər bizi həmişə dəstəkləyiblər. Onlar sadəcə, möhtəşəm idiər. Hamısına təşəkkürümü bildirirəm. Azarkeşlərimiz bizim üçün altıncı oyunçu idilər.
- Buraxdığınız qol epizodunda İsa Atayevə nəsə deyirdiniz. Sirr deyilsə, nə dediniz?
- Mən zərbə anını görmədim. Orada heç kim səhv etməmişdi. Sadəcə, zərbə dəqiq alındı.
