Topaz Premyer Liqasında 26-cı tur həyacanı
Bu gün Topaz Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq turun matçları eyni günə təsadüf edəcək.
Turun açılış matçında autsayder “Bakı” doğma meydanda son dövrlər inamlı çıxışı ilə diqqət çəkən “Simurq”u qəbul edəcək. Bu komandalar arasında əvvəl keçirilmiş 22 oyunda bakılıların daha çox qələbəsi var - 11. 7 oyunda heç-heçə qeydə alındığı halda, Zaqatala klubu cəmi 4 dəfə 3 xalı bayram edib. Top fərqi də "zolaqlılar"ın xeyrinədir - 27:19. “Bakı” 8 oyundur meydanı qolsuz tərk etmir. “Simurq” son 12 oyunda cəmi 1 qələbə qazanıb. Paytaxt təmsilçisi son 4 ev oyununda xal itirməyib. Elə bu mövsüm baş tutan ilk oyunda da "Bakı" "Simurq"u 2:1 hesablı məğlubiyyətlə yola salmışdı. Zaqataladakı oyunda isə meydan sahibləri 5:2 hesablı qələbəyə sevinmişdilər. Bu dəfə isə "Simurq"un səfərdə də qələbə qazanacağına inananlar daha çoxdur.
AZAL doğma meydanda “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. Əvvəlki 26 oyunda cəmi 4 qələbəsi olan bakılılar bu matçda favorit sayıla bilər. Amma indiyə qədər 9 dəfə meydanı heç-heçə ilə tərk edən bu komandaların növbəti dəfə sülh bağlaması da istisna deyil. AZAL üzərində 13 qələbəsi, hətta top fərqində üstünlüyü (34:19) olan cənub təmsilçisinin belə bir uğura yenidən imza atması isə turun sensasiyalarından sayılacaq. Son 6 oyunda hər iki komanda qol sevinci yaşayıb. Ardıcıl 5 matçda heç-heçə qeydə alınıb. AZAL 9 görüşdür meydanı qolsuz tərk etmir. Maraqlıdır ki, bu mövsüm tərəflər arasında baş tutmuş ilk iki oyunda eyni nəticə qeydə alınıb - 1:1.
Son çempion və lider “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Tərəflər arasında baş tutan əvvəlki 10 oyunda sumqayıtlıların 3, ağdamlıların 6 qələbəsi var. Cəmi bir dəfə heç-heçəyə razılaşan tərəflərin duellərində bütövlükdə 28 qol vurulub ki, onların da 25-nə "Qarabağ" sevinib. Texniki nəticəni nəzərə almasaq, son 4 qarşılaşmada qol vuran komanda qalib gəlib. Bu 4 görüşdə “Sumqayıt” cəmi 1 qol vurub. 10 oyundan beşində böyükhesablı nəticə qeydə alınıb. Bu mövsüm keçirilən oyunlara gəlincə, "Qarabağ" limiti pozduğuna görə, qalib gəldiyi oyunda texniki məğlubiyyətə üzülmüşdü. Öz meydanında baş tutan qarşılaşmada isə 2:0 hesablı qələbəyə sevinmişdi.
Turun mərkəzi və qapanış matçında isə “İnter” “Qəbələ”ni qonaq edəcək. Bu klubların əvvəlki 26 oyununda paytaxt təmsilçisi daha çox (13 dəfə) qələbə qazanıb. 8 oyunda heç-heçə qeydə alındığı halda, 5 görüşdə də Qəbələ klubu 3 xala sevinib. Top fərqi də bakılıların xeyrinədir - 39:20. “Qəbələ” son 4 oyunda qalib gəlməyib. Bakıdakı son 10 qarşılaşmada qonaqlar cəmi 1 qələbə qazanıb. Cari mövsümdə keçirilən oyunlara gəlincə, "İnter" Bakıda 4:0 hesabıyla qalib gəlmişdi. Qəbələdəki oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Paytaxt klubuna bu oyunda lider "Qarabağ"dan aralanmamaq üçün mütləq qələbə qazanmaq lazımdır. Amma çempionatdakı son oyunlarında uğurlu təsir bağışlayan bölgə klubundan da sürpriz gözləməyə dəyər.
Topaz Premyer Liqası
26-cı tur
18 mart (çərşənbə)
15:00. “Bakı” – “Simurq”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
16:00. AZAL - “Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Etibar Həsənov.
Bakı. “AZAL Arena”.
16:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Akif Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
18:00. “İnter” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “İnter Arena”.
| 1 | Qarabağ | 22 | 15 | 4 | 3 | 37-19 | 49 |
| 2 | İnter | 22 | 11 | 10 | 1 | 37-10 | 43 |
| 3 | Neftçi | 23 | 11 | 6 | 6 | 27-18 | 39 |
| 4 | Qəbələ | 23 | 8 | 7 | 8 | 28-31 | 31 |
| 5 | Simurq | 22 | 8 | 5 | 9 | 31-26 | 29 |
| 6 | AZAL | 22 | 7 | 7 | 8 | 24-29 | 28 |
| 7 | Xəzər Lənkəran | 22 | 6 | 5 | 11 | 26-31 | 23 |
| 8 | Sumqayıt | 22 | 4 | 7 | 11 | 20-31 | 19 |
| 9 | Bakı | 22 | 2 | 5 | 15 | 15-50 | 11 |
| 10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Bombardirlər:
11 - Nurlan Novruzov ("Bakı").
10 - Draqan Çeran ("Simurq").
8 - Mikel Alvaro (“İnter”), Franko Nildo ("İnter"), Məhəmməd Qurbanov (“Sumqayıt”).
7 - Rəşad Eyyubov ("Simurq").
6 - Freddi Mombonqo (AZAL), Reynaldo Silva ("Qarabağ"), Cavid Hüseynov ("Qəbələ"), Nikolas Kanales ("Neftçi").
