"Qarabağda baş verənlərdən xəbərim var və buna görə Ermənistana qalib gəlmək istəyirik"
"Qarabağ"ın və Albaniya yığmasının müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
- "Qarabağ" bu mövsüm qızıl dubl etməyi nə dərəcədə istəyir?
- Biz həm çempionatda, həm də kubokda sonadək mübarizəmizi davam etdirəcəyik. Bizim üçün hər titul önəmlidir. Həm də azarkeşlər kubokun finalına həmişə böyük maraq göstərirlər. Bu üzdən finala çıxmağı çox istəyirik.
- Komandanız buna nail olacaq gücdədir?
- Finala çıxmaq üçün bizi hələ "Simurq"la yarımfinal oyunları gözləyir. Mənə elə gəlir ki, bizim həlledici görüşdə iştirak etmək üçün yetərincə gücümüz var.
- "Simurq" barədə nə deyə bilərsiniz?
- Çox yaxşı komandadır. Onlar bu mövsüm əla oyun sərgiləyirlər. Amma biz indi kubok görüşlərini yox, qarşıdakı çempionat oyununu düşünməliyik. Ondan sonra isə fasilə olacaq.
- "Sumqayıt"la oyundan nə gözləyirsiniz?
- Bizim oyunlarımız həmişə gərgin keçir. Sumqayıtda oynamaq asan deyil. Ona görə gərgin mübarizə gözləyirəm.
- Martın 28-də Albaniya yığmasını Ermənistanla görüş gözləyir...
- Bəli, elədir. Fikrimcə, Albaniya yığması üçün bu görüş seçmə mərhələdəki ən çətin oyunlardan biri olacaq. Amma biz hamımız Ermənistan üzərində qələbə gözləyirik.
- Bu oyun sizin üçün xüsusi əhəmiyyət daşıyır?
- Mən "Qarabağ"ın futbolçusuyam. Təbii ki, Qarabağda baş verənlərdən də tam xəbərdaram. Allah eləsin ki, biz qələbə qazanaq və o zaman bu oyun barədə yenidən danışaq.
