Kristian Karambe: Azərbaycan yığmasını AÇ-2016-da görmək istərdim
Fransa yığmasının sabiq yarımmüdafiəçisi, dünya və Avropa çempionu Kristian Karambe bu gün Bakıda təşkil olunmuş Avropa Oyunları çərçivəsində keçiriləcək çimərlik futbolu üzrə püşkatma mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, o, püşkatmadan sonra jurnalistlərə açıqlama verib:
"Azərbaycan gözəl ölkədir. Elə paytaxt Bakı haqda da eyni sözləri deyə bilərəm. Burada yaradılmış idman infrastrukturu çox xoşuma gəldi. Hiss olunur ki, bu ölkədə qarşıdakı böyük turnirə çox ciddi yanaşırlar. Əminəm ki, Avropa oyunları ən yaxşı şəkildə təşkil olunacaq".
Karambe yaxından iştirak etdiyi püşkatma ilə də bağlı fikirlərini açıqlayıb. Hansı ki, Azərbaycan yığması A qrupunda Portuqaliya, Ukrayna və İsveçrə ilə mübarizə aparacaq: "Fikrimcə, Azərbaycan yığmasının şansları pis deyil. Baş məşqçi Ze Migellə də söhbətimiz oldu. O, dedi ki, bu oyunlara ən yüksək səviyyədə hazırlaşacaqlar. Ümid edirəm ki, azarkeşlər də komandanıza kömək edəcəklər".
Fransa yığmasının keçmiş ulduzu etiraf edib ki, Azərbaycan futbolu barədə elə də geniş məlumatı yoxdur: "Azərbaycan futbolu barədə eşitdiklərim var, amma ətraflı məlumatım yoxdur. Dostum Robert Prosineçki yığmanızda baş məşqçi kimi çalışır. Onda hər şey alınacaq. O, çox yaxşı insan və mütəxəssisdir".
"Mən çox istərdim ki, Azərbaycan yığmasını Fransada keçiriləcək AÇ-2016-da görüm. Amma Prosineçkinin dediyinə görə, onların əsas hədəfi 2018-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaqdır".
