Elvin Yunuszadə: Penalti olsaydı, bunu özüm hakimə deyərdim
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirdikləri cavab oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri (ilk oyun 0:0) oyunla bağlı bunları söyləyib:
"AZAL-a hörmətlə yanaşırdıq. Amma qələbə qazanacağımıza da inanırdıq. Bizim qol vəziyyətlərimiz çox olsa da, yalnız birindən yararlana bildik. Komandamız yaxşı oynadı. Artıq yarımfinal oyunları barədə düşünə bilərik. O oyunlarda da qələbə qazanmaq istəyirik. Aydın məsələdir ki, bizim çempionatdakı şanslarımız çox azalıb. Bu üzdən kubokda qələbə qazanmaq bizə çox vacibdir".
"Epizodların birində Arif Əsədov mənə müdafiədə qalmağı tapşırdı. Hücuma qoşulmağımı istəmirdi. Əlbəttə, o, bizdən daha çox bilir və biz də onun dediklərini etməliyik. Mən ona qışqırmadım, sadəcə, vəziyyəti izah etdim. Oyun vaxtı futbolçular öz emosiyalarını qoruya bilmirlər".
"Neftçi"nin müdafiəçisi AZAL-ın futbolçularının penalti tələb etdiyi epizoda da aydınlıq gətirib: "Həmin epizodda top əlimə yox, qarnıma dəymişdi. Top əlimə dəysəydi, bunu özüm hakimə deyərdim".
Elvin klubda maliyyə problemlərinin olduğu barədə söhbətlərə də toxunub: "Problem həll olunub. Biz maaşımızı alacağıq".
