Rəhman Hacıyev: Neftçinin finala çıxmaq üçün yaxşı şansı var
"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevin azerisport.az saytına müsahibəsi
- AZAL-la kubok oyunundan qalib ayrılmağı bacardınız. Təəssüratlarınız?
- Xoşbəxtlikdən, qalib gələ bildik. Ciddi qarşılaşma oldu. Bu qələbə bizim üçün çox vacib idi. Şadam ki, yarımfinala yüksələ bildik.
- İkinci hissədə "Neftçi" özünə bənzəmirdi. Buna səbəb nə idi?
- Çünki AZAL qol vurmaq istəyirdi. Biz də baş məşqçinin tapşırığına uyğun olaraq, kompakt oynamağa çalışırdıq. AZAL-a hücumlar qurmağa mane olurduq.
- Arif Əsədov sizə tez-tez nəyi tapşırırdı?
- Diqqətli oynamağımı istəyirdi.
- AZAL-ın oyunçularının penalti gözlədiyi epizod barədə nə deyə bilərsiniz?
- Heç nə deyə bilmərəm. Bu barədə danışmaq istəmirəm.
- "Neftçi"nin finala çıxmaq şansı nə dərəcədə yüksəkdir?
- Mənə elə gəlir ki, kifayət qədər yaxşı şansımız var.
- Rəqib "İnter" olsa da?
- Biz onlara qarşı oynamışıq. "İnter"lə mübarizə aparmaq olar. Onlar bizdən elə də güclü deyillər.
- İki cəbhədə mübarizə aparmaq çətin olmayacaq?
- Çətindir, amma hər iki cəbhədə sonadək mübarizəmizi davam etdirəcəyik. Asan oyun olmur.
- Robert Prosineçkinin bu oyunu izləyəcəyini bilirdiniz?
- Xeyr. Amma yığmada oynamaq ən böyük arzularımdan biridir. Əgər çağırsalar, mütləq razılaşacağam.
