Mikel Alvaro: Çempion olmaq şansımız var
"İnter"in yarımmüdafiəçisi Mikel Alvaronun azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran"la kubok oyunundan nə gözləyirsiniz?
- Bizi çətin oyun gözləyir. Bu komanda ilə görüşlərimiz həmişə ağır keçir. Rəqibin heyəti daha çox gənclərdən təşkil olunub. Buna baxmayaraq, onlar çox yaxşı futbol sərgiləyirlər.
- Yəni, sizin hələ yarımfinala vəsiqə qazandığınızı demək tezdir?
- Əlbəttə. Əgər biz cavab görüşündə də diqqətli və səliqəli oynasaq, yarımfinala çıxarıq.
- Son turda "Neftçi"yə qalib gələn komandanızın çempionluq uğrunda mübarizə apardığını söyləmək olar?
- Altı xallıq fərq kimin üçünsə az görünə bilər. "Qəbələ" ilə qarşılaşmadan sonra bizi "Qarabağ"la duel gözləyir. Çox şeyə həmin oyundan sonra aydınlıq gələcək. Biz çempionluq uğrunda mübarizəmizi sonadək davam etdirməliyik.
- Bu yolda yeganə rəqib "Qarabağ"dır?
- Mənə elə gəlir ki, "Neftçi" bizə məğlub olandan sonra çətin ki, yenidən çempionluq mübarizəsinə qoşula. Onlar hazırda liderdən 10 xal geri qalırlar. Bizimlə müqayisədə onların şansı çox azdır.
- Bəs ikinci pilləni tutmaq "İnter" üçün uğur sayılacaq?
- Bizim hələ çempion olmaq şansımız var. Ona görə də gümüş medallar barədə düşünmürük.
