Rasim Ramaldanov: Top əlimə yox, qarnıma dəymişdi
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
- "İnter"lə kubokun cavab oyunundan nə gözləyirsiniz?
- Mən deyərdim ki, bu, bizim cari mövsüm üçün son şansımızdır. Çempionatda artıq heç nəyə ümid edə bilmərik. Kubokda çıxışımızı davam etdiririk və fikrimcə, hələ sözümüzü deyə bilərik.
- İlk oyundakı məğlubiyyəti nəzərə alsaq, bunu mümkün hesab edirsiniz?
- 0:2 hesabıyla uduzsaq da, bu, hələ son deyil. Bilirəm ki, bizə çox çətin olacaq. Amma mən komandamıza, uşaqlara inanıram. Allah eləsin ki, yarımfinala vəsiqə qazana bilək. Sadəcə, sonadək diqqətli oynamalıyıq.
- "Qarabağ"a qarşı keçirdiyiniz oyun barədə nə deyə bilərsiniz?
- Biz çempionatın ən güclü komandası ilə qarşılaşırdıq. Bilirdik ki, çətin olacaq. Ancaq oyunçularımız meydanda tam güclərini qoydular. Bizim bu görüşdə sadəcə, bəxtimiz gətirmədi və sonda məğlub olduq. Görünür, qismət deyilmiş.
- Avtoqolda sizin də payınız oldu...
- Bəli, mən topu uzaqlaşdırmaq istəyərkən oyunçumuza dəyib qapıya getdi. Burada kimisə günahlandırmaq lazım deyil. Belə alındı. Amma komandamız liderə qarşı layiqli oyun sərgilədi.
- İkinci hissədə hakim penalti təyin etsə də, o, sizin etirazlarınız və yan xətt hakiminin məsləhəti ilə qərarı ləğv etdi...
- Allah şahiddir ki, həmin epizodda top əlimə yox, qarnıma dəymişdi. Yaxşı oldu ki, köməkçi hakim bunu gördü və baş hakimə düzgün xəbəri çatdırdı.
- "Xəzər Lənkəran" da qol vura bilərdi...
- Bu, elədir. Amma bizə dəqiqlik çatmırdı. Heç-heçə də bizi qane edərdi.
- "Xəzər Lənkəran"ın nəticələri o qədər də ürəkaçan deyil...
- Hər şey o qədər də pis deyil. Ən azından yaxşı oyun sərgiləyirik. Oyundan oyuna daha da artırırıq. Biz öz oyunumuzu tapmışıq. Müəyyən vaxt lazımdır ki, nəticə də olsun.
