Süleymanov: Elazığspor 300 min dollar ödəməsə, Cavid Neftçiyə qayıdacaq
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov Türkiyənin "Elazığspor" klubunda çıxış edən Cavid İmamverdiyevin üzləşdiyi durumla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İmamverdiyev Türkiyə klubu ilə müqavilə bağlayanda mən "Neftçi"də idim və bu keçidi bütün detallarına qədər xatırlayıram. "Elazığspor" Cavidi bir illik, bu mövsümün sonunadək icarəyə götürüb. Amma müqavilədə maraqlı bir bənd var: əgər türklər Cavidi komandada saxlamaq istəsələr, 2015-ci il, may ayının 1-dək "Neftçi"yə 300 min dollar ödəməlidirlər. Hazırkı böhranı nəzərə alsaq, bu, hər hansı klub üçün böyük bir məbləğdir. Əgər Türklər həmin pulu ödəməsələr, İmamverdiyev iyun ayında "Neftçi"yə qayıtmalıdır. Çünki onun bu klubla 2018-ci ilədək müqaviləsi var".
Sabiq vitse-prezident İmamverdiyevin böyük ehtimalla paytaxt klubuna dönəcəyini bildirib: "Məncə, "Elazığspor" rəhbərliyi klubun Super Liqaya çıxmaq şansının olmadığını yaxşı dərk edir və bu üzdən Cavidi heyətdə saxlamaqda elə də maraqlı deyillər. Böyük ehtimalla onun məşqlərdən kənarlaşdırılması da buna hesablanıb".
Qeyd edək ki, baş məşqçi postunda qalan Ümit Özat digər iki futbolçu ilə birgə Cavidi də məşqlərdən kənarlaşdırıb. Halbuki, ötən ilin sonlarında bu komandaya keçən İmamverdiyev meydanda olduğu 19 görüşdə iki dəfə qol vurub.
Süleymanov sonda onu da bildirib ki, hələlik, özünə yeni iş tapmayıb: "Hələ istirahət edirəm. Hərdən fərqli klublardan təklif gəlir. Amma mən iddialarıma uyğun bir yerdə çalışmaq istəyirəm. Əgər klubdursa, o, qarşısına yüksək vəzifə qoymalıdır. Məsələn, ölkə çempionu olmaq kimi. Hələ ki, belə bir təklif almamışam".
