"Kamran Ağayev xaricdə oynamağa çoxdan qərar verməli idi"
Azərbaycanın veteran futbolçusu Vladislav Qədirov yığma komandamızın qapıçısı Kamran Ağayevin Türkiyənin "Kayserispor"dakı çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kamran ölkənin ən yaxşı futbolçularından biridir. Çox şadam ki, o, özünə yaxşı bir komanda tapıb. "Kayserispor" hazırda Super Liqaya çıxmaq uğrunda mübarizə aparır. Lakin təəssüf ki, onun keçidi istənilən səviyyədə olmadı. Yəni, səni hansısa klub istəyən bir vaxtda getmək daha yaxşıdır, nəinki sən hansısa klubdan getmək məcburiyyətində qaldığın bir vaxtda başqa komandaya keçmək. Başa düşə bilmirəm ki, "Qəbələ"də belə bir qapıçıya necə yer tapılmadı. Deyilənə görə, yeni baş məşqçi ilə anlaşa bilməyiblər. Amma istənilən oyunçu ilə dil tapmaq mümkündür. Hazırda "Qəbələ"nin qapısını qoruyan Dmitri Bezotosnının "Sumqayıt"la kubok oyununda necə kobud səhvlərə yol verdiyini hamı gördü. Belə səhvləri hansısa yerli qapıçı etsəydi, rəhbərliyin, məşqçilər korpusunun buna münasibəti çox maraqlı olardı.
İstənilən halda, Kamrana görə çox şadam. Onun "Kayserispor"dakı işləri yaxşı gedir. İki oyunda qol buraxmadan çıxış edib. Amma o, xaricdə oynamağa çoxdan qərar verməli idi. Əsas odur ki, yenidən əvvəlki formasını bərpa edib. Çünki biz Ağayevin qapısını necə qoruduğunu yaxşı bilirik".
