Laşa Salukvadze: İnterin ikinci olacağını indidən demək tezdir
"İnter"in müdafiəçisi Laşa Salukvadzenin azerisport.az saytına müsahibəsi
- "Neftçi" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Fikrimcə, biz layiqli qələbə qazana bildik. Qazon yaxşı vəziyyətdə olmadığından oynamaq çətin idi. Bütövlükdə, hava şəraiti də yaxşı deyildi. Belə demək mümkünsə, biz bir qələbə ilə altı xal qazanmış olduq.
- Sizə elə gəlmir ki, "İnter" oyundan öncə də bu görüşün favoriti sayıla bilərdi?
- Bəli. Bu oyun ərzində də rəqibə 100 faizlik qol imkanı yaratmağa imkan vermədik. Bir neçə vəziyyəti oldu. Amma biz müdafiədə də, hücumda da kompakt oynamağı, qələbə qazanmağı bacardıq.
- İkinci hissədə iki komandanın üzvləri arasında gərginlik yaşandı...
- Ciddi heç nə baş verməmişdi. Futbolçular arasında belə hallar olur.
- Artıq "İnter"in mövsümü ən azı ikinci yerdə başa vuracağını demək olar?
- Hələ çox tezdir. Qarşıda çoxlu oyun var. Ona görə də indidən elə bir iddia ortaya atmaq düz olmaz.
- Bəs mümkün çempionluq şanslarınız barədə nə deyə bilərsiniz?
- "İnter" həmişə çempionluğa oynayıb. Bizim qızıl medallar uğrunda mübarizə aparmaq şansımız da var. "Qarabağ"la iki oyunumuz var.
- Mümkündür ki, üç dəfə qarşılasasınız. Çünki hər iki klubun kubokun finalına çıxması da istisna deyil...
- Amma biz hələ yarımfinala çıxmamışıq. Öncə "Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdırmalıyıq. Yalnız yarımfinala çıxandan sonra mümkün final barədə danışmaq olar. İlk oyunda 2 cavabsız qolla qalib gəlsək də, Lənkəranda işimiz asan olmayacaq.
- Baş məşqçi Kaxaber Sxadadze mövsümün sonunda postundan ayrılacaq. Deyilənə görə, gətirdiyi futbolçular da gürcü mütəxəssislə komandadan gedəcək...
- Hələ bu barədə heç nə deyə bilmərəm. Çünki müqavilənin müddətini artırmaqla bağlı klub rəhbərliyi ilə heç bir söhbətim olmayıb.
