Mirhüseyn Seyidov: Kubok bizim üçün indi daha vacib əhəmiyyət daşıyır
"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "İnter"ə məğlubiyyətlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Çünki buna nail olsaydıq, ikinci pilləyə çıxa bilərdik. Amma alınmadı. İlk qolu mənim səhvim nəticəsində buraxdıq. Buna görə çox məyusam. Azarkeşlərimizdən üzr istəyirəm. Heç kim uduzmaq istəməz. Amma təəssüf ki, "Neftçi" bu oyunda çox səhv buraxdı və bu səhvlər də sonda məğlubiyyətimizə gətirib çıxardı".
"Baş məşqçiyə heç bir iradım yoxdur. O, nəyi necə lazım bilirsə, elə də edir. Mənim səhvim nəticəsində hesabda geri düşdük və istərdim ki, meydanda qalıb öz səhvimi düzəldim. Ola bilsin ki, alınmadı. Buna baxmayaraq, komandamızın hər bir üzvü qələbə eşqi ilə alışıb yanırdı. İkinci hissədə qol vurmaq üçün irəli atılsaq da, öz qapımızda top gördük".
Seyidov komandasının çempionatdakı şanslarından da danışıb: "Mən ümidimi itirmirəm. Düşünmürəm ki, bizim hətta ikinci yeri tutmaq şansımız da yoxdur. Qarşıda hələ çox oyun var. Bu üzdən bizim "İnter"ə çatmağımız mümkündür".
Mirhüseyn Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirəcəkləri cavab oyunundan da danışıb: "Kubok indiki zamanda bizim üçün daha vacib əhəmiyyət daşıyır. İlk oyunda qolsuz heç-heçə qeydə alınıb. Artıq qələbə qazanmaq, yarımfinala çıxmaq lazımdır".
