Cavid Hüseynov: Qəbələ üçün kubok başa çatıb, məqsədimiz 4-cü yeri tutmaqdır
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
- “Sumqayıt”la matç haqda hansı fikirdəsən?
- İnşallah, qələbə bizim olacaq. Amma bilirik ki, “Sumqayıt” çətin komandadır. Qələbə qazanmaq üçün meydanda sona kimi mübaizə aparmaq lazımdır. Qələbə qazanıb çempionatda dördüncü yerə yüksəlmək istəyirik.
- Kubok görüşündə “Simurq”a məğlub oldunuz. Bu məğlubiyyət nə dərəcədə gözlənilməz oldu?
- “Simurq”la matçda belə olacağı heç ağlımıza da gəlməzdi. Nəinki 0:3-ü, heç məğlubiyyəti düşünmürdük.
- Bəs nə baş verdi ki?
- Bizim üçün çox uğursuz gün idi. Heç nədən qollar buraxdıq.
- Demək olar ki, kubok “Qəbələ” üçün başa çatıb?
- Məsələyə real baxsaq, kubok bizim üçün bitib. Çünki evdə 0:3 hesabı ilə uduzduq. Bəli, kubokda çıxışımız bitdi deyə bilərik.
- Səfərdə “Simurq”a 3 qolla qalib gələ bilməzsiniz?
- Bizim indiki məqsədimiz çempionatda 4-cü yerə oynamaqdır.
- Bəlkə “Qarabağ”la matçdan sonra çox yorğun idiniz deyə, “Simurq”a uduzdunuz...
- O da düzdür. Uşaqlar “Qarabağ”la matçda çox güc itirdilər. Həqiqətən “Simurq”la matçda yorğunluq hiss olunurdu.
