Rauf Əliyev: Bizi yalnız qələbə qane edəcək
"Neftçi"nin hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Bu gün sizi "İnter"lə oyun gözləyir...
- Turnir cədvəlində ikinci pilləyə çıxmaq üçün bu oyundan mütləq qalib ayrılmalıyıq. Bizi ancaq qələbə qane edəcək.
- Son dövrlər "İnter" sabit oyun göstərir. Siz bu komandanı nəyin sayəsində məğlub etməyə hazırlaşırsınız?
- "İnter" öz oyun üslubuna görə digərglərindən fərqlənir. Bu komandaya qarşı oynamaq çox çətindir. Onların nəyin sayəsində məğlub edəcəyimizi meydanda göstərəcəyik. İndidən nəsə demək düzgün olmazdı. İstənilən halda bu oyunda qalib gəlməyi çox istəyirik.
- "Neftçi" avrokuboklara həm kubokdan, həm də çempionatdan vəsiqə əldə edə bilər. Sizcə, hansı daha asan yoldur?
- Biz hər iki cəbhədə mübarizə aparırıq. Premyer Liqa ilə kuboka fərq qoymuruq. Əsas hər iki turnirdə sonadək qalmaqdır.
- Kubokun ilk oyununda AZAL-a qalib gələ bilmədiniz. Yarımfinala vəsiqə qazana biləcəksiniz?
- Hələ ki, şanslar bərabərdir. Düzdür, onların meydanında oynamaq çətindir. Amma biz bu səddi keçəcəyimizə ümidliyik.
- Sizə elə gəlmir ki, "Neftçi" çempionluğu artıq əldən verib?
- Biz sonadək mübarizə aparacağıq. Baxmayaraq ki, çempionatda qalib gəlmək şanslarımız elə də yüksək deyil.
- Mətbuatın yazdığına görə, sizin Arif Əsədovla münasibətləriniz qaydasında deyil...
- Əsədovla heç bir problemim ola bilməz. Boş söhbətlərdir. Bizdə hər şey yaxşıdır.
- "Qarabağ"da, hətta "Bakı"dakı Rauf Əliyevi görə bilməməyimizin səbəbi nədir?
- Hələ ki, problem az oynamağımdadır. Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Allah eləsin ki, bundan sonra komandama istədiyim kimi kömək edə bilim.
- "Neftçi"dəki maliyyə problemləri futbolçulara necə təsir edir?
- Heç bir problem yoxdur. Hər şey qaydasındadır. Sadəcə, bir dəfə maaşlar gecikib. Bu da hər yerdə olur.
- Robert Prosineçkinin rəhbərliyi altındakı ilk toplanışda iştirak edə bilmədiniz. Onun komandasında yer almayacağınızdan ehtiyatlanmırsınız?
- AZAL-la oyuna görə bizim heç bir futbolçumuz həmin toplanışa qatılmadı. Amma Prosineçki çempionat oyunlarını mütəmadi izləyir. Fikrimcə, onun komandasına dəvət ala biləcəyəm.
- Qarşıda Malta ilə oyun var. Bu oyundan nə gözləyirsiniz?
- Hamımız müsbət nəticə qazanmağı istəyirik. Əgər baş məşqçi dəvət etsə, yığmamıza kömək etmək üçün əlimdən gələni edəcəyəm.
