Arif Əsədov: Statistika İnterlə oyun öncəsi heç bir əhəmiyyət daşımayacaq
"İnter"in baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi
- Növbəti turda sizi "İnter"lə oyun gözləyir. Nə gözləyirsiniz?
- Qələbə bizi ikinci pilləyə çıxaracaq. Öz meydanımızda oynayacağıq. Bu üzdən qələbəyə oynayacağıq. Şadam ki, zədəli futbolçu yoxdur.
- Hamıya yaxşı məlumdur ki, rəqib taktiki cəhətdən çox yaxşı hazırlıqlıdır. Bu baxımdan hansısa planlarınız var?
- Onların güclü və zəif cəhətləri bizə yaxşı məlumdur. Yeri gəlmişkən, eyni sözləri rəqib də deyə bilər. Oyun ərəfəsində hər şeyi nəzərdə saxlayırıq. Hər şeyə hazırıq.
- Son mövsümlərdə balans "Neftçi"nin xeyrinə deyil.
- Statistika qarşıdakı oyunda heç nəyi həll etməyəcək. Həm də bizim bu statistikanı yaxşılaşdırmaq şansımız var.
- Qələbədən başqa istənilən nəticə uğursuzluq sayılacaq?
- Bəli. Dediyim kimi, öz meydanımızda oynayacağıq. Bizim turnir cədvəlindəki vəziyyətimizi ancaq qələbə yaxşılaşdıra bilər.
- Son ay sizin üçün kifayət qədər gərgin keçdi. Hətta yığmanın oyunu zamanı da istirahət etmədiniz. Futbolçuların bərpa prosesi necə keçir?
- Şübhəsiz ki, gərgin qrafik futbolçulara təsir göstərir. Məsələn, AZAL-la kubok oyununda bəzi futbolçulara istirahət verəcəyik. Mövcud gücümüzdən bərabər səviyyədə yararlanmağa çalışırıq.
- Yəqin ki, bu komanda ilə cavab oyununda da bəzi oyunçulara istirahət verəcəksiniz. Bu üzdən "Neftçi"nin Premyer Liqaya üstünlük verdiyini demək olar?
- Xeyr. Bizdə bəzi mövqelərdə bərabər səviyyəli oyunçular çıxış edirlər. Ona görə də niyə hər oyunçuya oynamaq şansı verməməliyik?
- Nikolas Kanales tez-tez qol vurmağa başlayıb. Amma Rauf Əliyevlə Ernest Nfor eyni məhsuldarlığı göstərə bilmirdi...
- Nforun problemi var, zədəlidir. Hər oyunçudan maksimum yararlanmağa çalışırıq.
- Rauf hələ ümidləri doğrultmur. Razısınız?
- Hər bir futbolçu meydanda olduğu vaxtdan maksimum yararlanmalıdır. Kim güclü olmasını göstərmək istəyirsə, bunu oyunu ilə isbatlamalıdır.
- AFFA İcraiyyə Komitəsi gənclərin maaşına limit tətbiq etdi. Bu, "Neftçi"dəki gənc oyunçuların sayını azaltmayacaq?
- Hələ bu barədə heç kim düşünmür. Bunu mövsümün sonunda müzakirə edəcəyik. Həm də belə məsələlərə klub rəhbərliyi qərar verir, biz yox.
