Nildo: Neftçi çempionluqdan ümidini üzə bilər, bizim isə şansımız qalır
"İnter"in hücumçusu Junior Nildonun azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran"la kubokun 1/4 final mərhələsindəki ilk oyun sizin üçün uğurlu alındı...
- Oyun çətin keçdi. Buna baxmayaraq, lazım olan nəticəni qazana bildik. Rəqibin də bir neçə dəfə qol vurmaq şansı oldu. Şadam ki, qapımızı toxunulmaz saxlaya bildik.
- 2:0 hesablı qələbə sizin yarımfinala çıxmağınız üçün yetərlidir?
- Biz yaxşı nəticəyə nail olduq. Amma bu, hələ yarımfinala çıxdığımızı deməyə əsas vermir. Qarşıda bizi minimum 90 dəqiqə daha gözləyir. İlk addımımız uğurlu olub. Cavab oyununda da rəqibə hörmətlə yanaşıb, istədiyimiz nəticəni qazanmalıyıq.
- Lənkəranda ciddi müqavimət gözləyirsiniz?
- Mən "Xəzər Lənkəran"da oynamışam və bu komandanın öz meydanında necə təhlükəli olduğunu bilirəm. Orada bizə asan olmayacaq.
- Bu il keçmiş komandanıza qarşı iki dəfə oynamısınız, amma qol vura bilməmisiniz...
- Mənim qol vurmaq üçün şansım olsa da, vura bilməmişəm. Amma bunu şişirtmək lazım deyil. Çünki onlara qol vurduğum oyunlar da olub.
- "Neftçi" ilə oyunda da sizdən qol gözləyək?
- Onlara da qol vurmağa çalışacağam. Bu, bizim üçün vacib görüşdür. Komandama kömək etməliyəm.
- "Neftçi" artıq çempionluqdan əlini üzüb və ilk növbədə "İnter"lə gümüş medallar uğrunda mübarizə aparmağı hədəfləyib...
- Bu, onların işidir. "İnter" hələ çempionluq şansını itirməyib. Biz hələ "Qarabağ"a müqavimət göstərəcəyik. Altı xallıq fərq elə də böyük deyil. "Neftçi" isə ikinci yer uğrunda mübarizə apara bilər.
- Bu komanda ilə oyuna proqnoz verə bilərsiniz?
- Fikrimcə, biz ən azı uduzmayacağıq. Amma bizim hədəfimiz heç-heçə olmayacaq. Bizə qələbə lazımdır ki, ağdamlılar çox uzaqlaşmasınlar.
