Rahid Əmirquliyev: Kuboku da əldən versək, mövsüm bizim üçün bitəcək
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
- Kubokun 1/4 final mərhələsi çərçivəsində "İnter"lə ilk oyununuz uğursuz alındı...
- Çətin olacağını bilirdik. Çünki bakılılar Premyer Liqada çempionluq üçün mübarizə aparır. Buna baxmayaraq, biz də ciddi hazırlaşmışdıq. Yarımfinala çıxmaq istəyirik. Motivasiya da qaydasında idi. Çünki Avropa Liqasına vəsiqə qazanmaq üçün kubok ən yaxın yoldur. Təəssüf ki, çoxlu qol epizodunu dəyərləndirə bilmədik.
- XL "İnter"ə nədə uduzdu?
- Biz onlardan zəif oynamadıq. Sadəcə, onlar qol vəziyyətlərindən yararlana bildilər, biz isə yox.
- Sizcə, cavab oyunu üçün şans qalır?
- Ümid həmişə var. 2:0 elə də böyük üstünlük deyil. Özünüz də gördünüz ki, bizim qol vəziyyətlərimiz var idi. Qol vəziyyətləri zamanı daha diqqətli oynamağımız lazımdır.
- XL növbəti mərhələyə çıxa bilməsə, mövsümü sizin üçün bitmiş hesab etmək olar?
- Çempionatda bizim heç bir iddiamız qalmayıb. Kuboku da əldən versək, o zaman mövsüm bizim üçün bitmiş olacaq. Amma yenə oynayacağıq. Kifayət qədər gənc oyunçumuz var ki, onlara təcrübə toplamaq lazımdır.
- Artıq xeyli oyun keçirmisiniz. İrəliləyiş var?
- Var, amma hələ diqqət çəkmir. 5-6 oyunla onların təcrübəli futbolçular kimi çıxış etməsini gözləməyin. Bu heyətin rəqabətədavamlı olması üçün zaman lazımdır.
- Sizə elə gəlmir ki, hücum xətti çox dişsiz görünür?
- (gülür) Təcrübə çatmır. Həlledici zərbələr yoxdur.
- Bu həftə sizi "Qarabağ"la oyun gözləyir. Bu komanda da qol vəziyyətlərindən yaxşı yararlana bilir...
- Layiqli mübarizə aparmağa çalışacağıq. Asan oyun olmayacaq.
