Vəli Qasımov: Millimizə nəticə qazanmaqdan daha çox yaxşı komanda formalaşdırmaq lazımdır
Azərbaycan yığmasının sabiq hücumçusu Vəli Qasımovun azerisport.az saytına müsahibəsi
- Robert Prosineçki Türkiyə toplanışına xeyli gənc futbolçu dəvət etmişdi. Sizə elə gəlmir ki, bu gənclər artıq təcrübəli futbolçularla rəqabətə tam hazırdırlar?
- Legionerlərin əksəri millinin düşərgəsinə gələ bilməmişdi. Amma gənclərin dəvət olunması yaxşı qərar idi. Şübhəsiz ki, onların əksəri tezliklə əsas heyət üzvü ola bilməyəcək. Amma tanışlıq baxımından bunun faydası çox idi. Prosineçki də gələcəyə baxmalıdı.
- Bizdə 20-21 yaşlı futbolçular var ki, yığmanın əsas heyət üzvləri ilə rəqabət apara bilmir, amma hələ də perspektivli hesab olunur...
- Bu, xoşagəlməz haldır. Amma istənilən halda məşqçilər korpusu hər kəsi diqqət mərkəzində saxlamalıdırlar. Çünki məhz onlar Azərbaycan yığmasının gələcəyidirlər. Gələcəkdə güclü yığmamızın olması üçün indidən gənclərə şans vermək lazımdır.
- Prosineçkinin Malta ilə oyunadək bütün futbolçuları iş başında görə bilməməsinin mənfi təsirləri ola bilər?
- İndidən ondan nəticə gözləmək düzgün deyil. Hətta rəqib zəif də olsa. Əlbəttə, biz də, xorvat özü də yaxşı nəticəni çox istəyir. İndi isə bizə nəticə qazanmaqdan daha çox güclü komanda formalaşdırmaq lazımdır. Üstəlik, Malta o dərəcədə güclü komanda deyil. Yaxşı oynayıb, uduzmaq daha yaxşıdır, nəinki pis oynayıb qələbə qazanmaq.
- Manatın dəyərinin düşməsi futbolumuzun inkişafına nə dərəcədə təsir göstərə bilər?
- Klublar əllərindən gələni etməlidirlər ki, bu, futbolçulara təsir göstərməsin. Hər bir futbolçu müqavilədə nəzərdə tutulan məbləği almalıdır.
- O zaman itirən təkcə klublar olacaq...
- Onlar da öz işlərini düzgün qurmalıdırlar. Amma belə təbii ki, təsiri olacaq. Qoy çox oyunçu almasınlar. Legioner də alanda birini al, keyfiyyətlisini al.
- AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclasında legioner limitinə də baxılacaq. İndiki legioner limiti sizi qane edir?
- İndiki zamanda yerli oyunçuların sayını artırmaq lazımdır. Gənc futbolçulara daha çox şans verməyə ehtiyac var.
- Siz də "Qarabağ"ın mövsümü çempion kimi başa vuracağına inanırsınız?
- Son turda "Qəbələ"yə məğlub olmasına baxmayaraq, ağdamlılar ölkənin ən yaxşı komandasıdır. Amma istisna deyil ki, komandada eniş olsun. Arxayınlıq sözünü deyə bilər. Çünki hər kəs onların çempionluğundan danışır. Lakin onların hələ bu mövsüm göstərməli olduqları çox şey var. Fikrimcə, indidən "Qarabağ"ı çempion hesab etmək düzgün deyil.
