Cavid Hüseynov: Şaxtyor ilə matçın nəticəsi vacibdir
Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov Ukraynanın "Şaxtyor" klubu ilə yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim üçün çox vacib oyundur. "Şaxtyor"la görüş bizim Malta ilə oyun öncəsi son sınağımızdır. Həmin qarşılaşma isə seçmə mərhələdə bizim üçün ən mühüm matçlardan biridir".
"Şəxsən mən hazırlıq prosesindən, komandadakı atmosferdən razıyam. Robert Prosineçki barədə də ancaq xoş sözlər söyləyə bilərəm. Çox ümid edirəm ki, onunla birlikdə komandamız azarkeşləri müsbət nəticələr ilə sevindirə biləcək".
Hüseynov Prosineçkini əvvəlki baş məşqçi Berti Foqtsla müqayisə etmək istəməyib: "Foqts artıq gedib. Komandada olmayan birinin arxasınca danışmaq istəmirəm. Biz ondan nələrisə öyrənə bilmişik. İndi isə Prosineçkidən öyrənirik. Mən iki mütəxəssisi müqayisə etməyi xoşlamıram. Mənə elə gəlir ki, bu, düzgün deyil".
"Antalya toplanışında əsas məsələ oyunçular arasındakı anlaşma səviyyəsini yaxşılaşdırmaqdır. "Şaxtyor"la oyunun nəticəsi vacibdir. Çünki bu komanda təkcə Ukraynanın yox, bütövlükdə, Avropanın aparıcı klublarındandır. Özünüz də gördünüz ki, ÇL-də Almaniya "Bavariya"sı ilə ilk oyunlarında heç-heçəyə nail oldular".
Millinin yarımmüdafiəçisi klubu "Qəbələ"nin çıxışı barədə də danışıb: "Xəzər Lənkəran" üzərindəki qələbədən sonra komandada atmosfer yaxşılaşıb. Biz azarkeşlərimizi bu qədər uğursuz nəticələrlə məyus etmək istəməzdik. Amma belə alındı. Növbəti oyunlara yaxşı köklənib, mövsümü yaxşı pillədə başa vurmalıyıq. "Qəbələ" avrokuboklara vəsiqə qazanacaq gücdədir".
