Aleksandr Şemonayev: AZAL Neftçini necə məğlub etmək olduğunu bilir
AZAL-ın müdafiəçisi Aleksandr Şemonayevin azerisport.az saytına müsahibəsi
- "Neftçi" ilə oyuna necə hazırlaşmısınız?
- Adi qaydada məşq etmişik. Komandada yaxşı atmosfer var. Hazırda mövsümün çox vacib dönəmindəyik. Bu dönəmi mümkün qədər yaxşı səviyyədə keçirməliyik.
- Bu il AZAL "Neftçi"ni məğlub edə bilib. Yenə eyni uğura imza ata biləcəksiniz?
- Biz yenə də eyni uğura imza atmağı çox istəyirik. Amma başa düşürük ki, bu dəfə çox çətin olacaq. Çünki rəqib də yəqin ki, revanş almağa çalışacaq.
- Rəqibin qeyri-sabit çıxış etməsi sizin üçün nə dərəcədə sərfəlidir?
- Deməzdim ki, bunun bizə hansısa faydası dəyəcək. "Neftçi" hansı formada olmasından asılı olmayaraq, həmişə güclü və təhlükəlidir. Onlara qarşı oynamaq həmişə çətin olur.
- AZAL-ın "Neftçi"yə qarşı uğurlu oynamasının sirri nədədir?
- Hər şeyin o dərəcədə asan alındığını deməzdim. Amma onları məğlub etməyin yolunu bilirik. Bunu bacarmışıq və yenidən onu həyata keçirməyə çalışacağıq.
- AZAL ilə ardıcıl iki qələbə ilə başlasa da, artıq üç oyundur 3 xala həsrət qalıb. Xüsusilə də "Sumqayıt"la oyunda xal itirməyiniz qeyd olunmalıdır...
- İstənilən halda bu nəticələri yaxşı hesab etmək olmaz. Beş oyunda sadəcə, bir dəfə məğlub olmuşuq. Amma bu məğlubiyyəti də "Qarabağ"dan almışıq. Xal itkiləri yenə də ola bilər. Sadəcə, mümkün qədər az səhvə yol verməliyik.
- AZAL-la keçmiş komandanız "Simurq" dördüncü yer uğrunda mübarizə aparır. Sizcə, bu komandaların hansının şansı daha çoxdur?
- Onlar hələ ki, bizi qabaqlayırlar. Amma qarşıda çox oyun var və biz sonadək mübarizə aparacağıq.
