Maksim Medvedev: Şaxtyor ilə matçın necə bitəcəyi mənə də maraqlıdır
"Qarabağ"ın və Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- Yığmanın təlim-məşq toplanışından erkən ayrılmanıza səbəb olan zədəniz nə yerdədir?
- Zədəm ciddi deyil. İki yerdən kiçik zədəm var. Ağrılarım olsa da, formamı saxlayırdım ki, məşqləri buraxmayım. Yığmanın məşqçiləri risk etmək istəmədiklərini dedilər. Robert Prosineçki də buna normal yanaşdı. O, özü də görür ki, oyunçular gərgin rejimdə hazırlaşırlar.
- Qayıdışınız nə vaxta təsadüf edəcək?
- İki həftə müalicə almalıyam.
- Xorvatiyalı mütəxəssis necə təsir bağışladı?
- Mən sadəcə, birinci məşqdə iştirak etdim. Meydanın kənarı ilə qaçdım. Maraqlı heç nə deyə bilmərəm. Amma uşaqların mətbuata açıqlamalarından da hiss etmək olur ki, hər şey ürəklərincədir.
- Yəqin ki, yeni baş məşqçinin rəhbərliyi altındakı ilk toplanışı erkən başa vurmaq üzücüdür...
- Əlbəttə, üzücüdür. İş prosesini görmək istərdim. Onun da öz metodu vr və maraqlıdır. Amma eybi yox. Malta ilə oyundan öncə də 8 günlük toplanışımız olacaq. Fikrimcə, həmin toplanışda tam iştirak edə biləcəyəm.
- Bəs Ukrayna "Şaxtyor"u ilə yoxlama oyunundan nə gözləyirsiniz?
- Maraqlı oyun olacaq. Klub və yığma fərqlənir. Amma "Şaxtyor" da "Şaxtyor"dur. Rəqib əsas heyətlə oynasa, daha maraqlı olacaq. Mənim özümə də maraqlıdır ki, oyun hansı nəticə ilə başa çatacaq.
- Keçək klubdakı işlərinizə. "Qarabağ" Premyer Liqadakı intriqanı niyə öldürdü?
- Çünki "Qarabağ"ın oyunçuları işlərinə peşəkarcasına yanaşırlar. 4-5 mövsümdür təcrübə toplayırıq. Əvvəlki mövsümlərdə buraxdığımız səhvləri təkrarlamaq istəmirik. Artıq xeyli fərq yaratmışıq. Belə davam etsək, hər şey bizim üçün yaxşı bitəcək. Bəziləri intriqanın tam öldüyünü düşünür. Amma mən belə hesab etmirəm. Digər komandaların üzvləri də artıq müsahibələrində bizi bu mövsümün çempionu kimi görürlər.
- Rəqiblərin ağ bayraq qaldırması pisdir ki?
- Onlar belə açıqlamalarla bizi arxayınlaşdıra bilərlər. Biz bütün bu yolları keçmişik. Bu sözlərdən nəticə çıxarıb, daha da böyük motivasiya ilə oynamalıyıq. Yaxşı komanda olduğumuzu yenidən göstərmək istəyirik.
