Mircavadov: İstərdim ki, rəqiblər millimizdən çəkinsinlər
AFFA-nın Məşqçilər Şurasının üzvü Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi
- Azərbaycanın birdən-birə üç yığmasının (əsas, gənclər və U-16) Antalyaya təlim-məşq toplanışına yollanması barədə nə deyə bilərsiniz?
- Belə təcrübə kifayət qədər yaxşıdır. Bu, gənclərə təcrübə qazandırır. Əsas komanda üzvləri isə onların davamçılarının olduğunu görürlər. Belədə, heç kimdə arxayınlıq yaranmır, rəqabət daha da artır. Düzdür, Sovet vaxtında yığma komandanın toplanışı bir-iki həftə yox, ay sürürdü. Amma indi qrafik elədir ki, belə uzunmüddətli səfərlər təşkil etmək mümkün olmur.
- Əsas yığmanın ilk məşqində niyə yox idiniz?
- Məşqçilər Şurasından Böyükağa Hacıyev həmin məşqi izləyib. Biz işimizi bölmüşük. O, əsas millini izləyir, mən U-16-nı. Bu komanda bizim üçün çox vacibdir. Çünki gələn il Bakıda U-17 komandaları arasında Avropa Çempionatı keçiriləcək. Uşaqların bir ailə kimi olması xoşuma gəlir. Böyük istəklə məşq edirlər.
- Əsas millinin Ukrayna "Şaxtyor"u ilə oyunundan nə gözləyirsiniz?
- Bu komanda əksər yığmalardan güclüdür. Bunun Çempionlar Liqasının bir neçə gün öncə keçirilmiş "Şaxtyor" - "Bavariya" oyununda da şahidi olduq.
- Robert Prosineçkinin işi barədə nə deyə bilərsiniz?
- Onun məşqlərinə baxmaq istərdim. İnsan kimi xoş təsir bağışlayır. Əsas odur ki, o, ailəsi ilə birgə Bakıda qalacaq, oyunları, futbolçuları yaxından izləyəcəklər.
- Xorvatın rəhbərliyi altında millimizdən necə oyun gözləyirsiniz?
- Mən futbol, oyun görmək istəyirəm. Rəqiblərimizin bizdən çəkinməsini istərdim. Məhz bunu istəyirəm.
