Elvin Məmmədov: Sanki ilk dəfədir yığmaya dəvət olunmuşam
"İnter"in və Azərbaycan yığmasının yarımmüdafiəçisi Elvin Məmmədovun azerisport.az saytına müsahibəsi
- Elvin, səni yığma komandada xoş gördük!
- Axı mən əvvəllər də yığmaya dəvət almışam (gülür).
- Düzdür, amma axırıncı dəvətə milliyə dəvət almağın yada gəlmir. Özünüz bunu xatırlayırsınız?
- Yadıma gəlmir. Nə vaxt olmuşdu ki?
- 2013-cü ilin aprel ayında.
- O vaxtdan məni çağırmırdılar?
- Ancaq ehtiyat heyətdə yer almısan...
- Nə demək olar? Sizin də sözünüzdə həqiqət var. Sanki ilk dəfədir yığmaya dəvət olunmuşam.
- Siz bunu klubunuzdakı oyununuzla əlaqələndirirsiniz?
- Əlbəttə. Yığmaya qayıtmağımda "İnter"də mənə göstərilən etimadın rolu böyükdür. Mövsümün əvvəlində zədə alsam da, özümü toparlaya bildim. Mən hələ bu kluba qayıdanda demişdim ki, doğma evimə qayıtmışam. Yığmaya dəvət almağım da bunu təsdiqləyir.
- "Şaxtyor"a qarşı oyunda özünü təsdiqləmək sizin üçün nə dərəcədə vacibdir?
- Şübhəsiz. Özümü yaxşı tərəfdən göstərməliyəm ki, Malta ilə oyuna da dəvət alım.
- Berti Foqtsdan küsmüşdünüz?
- Arxasından danışmaq istəməzdim. Amma ondan heç vaxt soruşmamışam ki, niyə məni yığmaya çağırmırsan. Qəribə vəziyyət yaranmışdı. Foqts məni klubumda oynamayanda dəvət edirdi, oynayan dövrdə isə çağırmadı. Bir il ərzində yığmada 7 qol vurdum, amma sonradan dəvət almadım. Nə vaxt səbəbini soruşurdumsa, əsəbləşirdi. Ondan sonra ümumiyyətlə dəvət almadım.
- Artıq yenidən yığmadasınız...
- Hə. Mən də yaxşı oyun sərgiləmək istəyirəm. Məşqçilər korpusu sağ olsun ki, mənə belə şans veriblər.
- "Şaxtyor"la oyundan nə gözləyirsiniz?
- "Şaxtyor" böyük klubdur, yaxşı oyunçuları var. Əlbəttə, biz yığma komandalara qarşı oynamağa alışmışıq. Amma klub komandası ilə oyun da bizə təcrübə toplamaq baxımından çox vacibdir.
