Ruslan Abışov: Şaxtyorla müqayisədə yığma komanda ilə oynamağa üstünlük verərdim
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
- Yığmanın toplanışı öncəsi atmosfer necədir?
- Yığmada atmosfer həmişə əla olub. Öz oyunumuzu göstərməyə hazırıq.
- Toplanışdan nə gözləyirsiniz?
- Heç kim üçün sirr deyil ki, biz mart ayında keçiriləcək Malta ilə oyuna hazırlaşırıq. Həmin oyun bizim üçün hər şeydən daha vacibdir.
- Yəqin ki, Robert Prosineçki ilə görüşmüsünüz. Təəssüratlarınız necədir?
- Deməzdim ki, elə geniş söhbətimiz olub. Amma onun futbol biliyinə şübhəm yoxdur. O, böyük klublarda çıxış edib. Ümid edirəm ki, məşqçi kimi yığmamıza böyük faydası dəyəcək.
- Ukraynanın "Şaxtyor" klubunun "Bavariya" ilə oyununa baxmısınız?
- Bəli, əlbəttə.
- Donetsk təmsilçisi necə təsir bağışladı?
- "Şaxtyor"un yaxşı komandası var. Bunu hamı yaxşı bilir. Onlar hər il Çempionlar Liqasında çıxış edir. Dəfələrlə Ukrayna çempionu olublar. Amma şəxsən mən "Şaxtyor"dansa hansısa milli komanda ilə oynamağı daha üstün sayıram.
- Niyə? "Şaxtyor" əksər yığma komandalardan güclüdür...
- Düzdür, onu başa düşürəm. Amma yığma komandaların öz yeri var.
