Denis Silva: Son saniyələrdə qol buraxmaq normal hal deyil
"Neftçi"nin müdafiəçisi Denis Silvanın azerisport.az saytına müsahibəsi
- "Qarabağ"a 0:1 hesablı məğlubiyyət barədə nə deyə bilərsiniz?
- Nəsə demək çətindir. Tam olaraq bu oyuna köklənmişdik. Yaxşı nəticə qazanmağa çalışırdıq. Amma futbol belədir, həmişə istədiyinə nail ola bilmirsən. Bu nəticəni də qəbul etməyimiz lazımdır.
- "Neftçi"nin bundan sonra liderə çatması çətin olacaq...
- Ola bilər. Belə məğlubiyyətdən sonra nəyisə dəyişmək çətin görünür. Şübhəsiz ki, çox şey "Qarabağ"ın oyunlarından asılıdır. Amma bir halda ki, şansımız var, mübarizəni sonadək davam etdirməliyik.
- Bir epizodda Reynaldonu qabaqladığınıza çox sevindiniz. Yəni o, sizin üçün o dərəcədə çətin rəqibdir?
- Əlbəttə, o, yaxşı oyunçudur. Amma mən onu dayandırmağıma yox, komandama kömək edə bildiyimə görə sevinirdim. Özümü yox, komandamı düşünürdüm.
- Ağdamlıların görüşün sonunda qol vurması nədən xəbər verir?
- Biz də qol vurmaq istəyirdik. Bu üzdən də irəli atılmışdıq. Belə epizodlarda isə hər kəs geri qayıtmağa çatdırmır. Həm də matçın sonu idi, hamımız yorğun idik. Amma yenə də qalib gəlmək istəyirdik. Futbolda belə hallar olur. Bu, normaldır. Matçın son saniyələrində qol buraxmaq isə normal hal deyil. Son dəqiqələrdə də diqqətli olmağımız lazım idi.
- Ağdamlıların çoxlu qol epizodu yaratması nə ilə bağlı idi?
- Buna cavab vermək çətindir. Bir-birimizi günahlandırmağımız düzgün deyil. Səhvlərə yol verdik və komanda olaraq uduzduq. Məğlubiyyətdən sonra kimisə günahlandırmaq çox asandır.
