Tahir Gözəl: UEFA bizim haqlı olduğumuzu dedi, amma heç nəyi dəyişmək olmaz
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirdikləri oyundakı hakim səhvləri ilə bağlı UEFA-nın son qərarına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İstəyimiz bunun qayda pozuntusu kimi hallanması və oyunun bizə verilməsi idi. Təəssüflər olsun ki, onlar bu istəyimizə heç baxmadılar, rədd etdilər və səbəbini də yazmadılar. Amma biz yenidən müraciət edincə, onlar bunu özlərində qeyd etdilər. Mənim üçün sevindiricidir ki, futbol tarixində hakimin bir səhvi kimi qeydə alındı, "Qarabağ"ın zəfəri kimi yazıldı. Bu, xoş xəbərdir. Ancaq qayda pozuntusu verməmələri yenə üzücü və narahatedicidir. Açıq-aşkar səhv idi. O zaman hakim xətası kimi sayıla bilər ki, o, doğrudan da epizodu görməsin. Hesab edirik ki, qərar bizi tam qane etməsə də, nəyəsə nail olduq. UEFA bizə deyir ki, siz düz deyirsiniz, ancaq artıq gecdir. Bir yerdə haqqımızı versələr də, istəyimizə tam nail ola bilmədik. Bir tərəfimiz sevinir, digər tərəfdən isə haqqımızın pozulduğunu düşünürük. FİFA-ya şikayət edə bilərik. Ancaq UEFA ilə münasibətimizi o səviyyəyə çəkmək istəmirik. Burda dayanacağıq".
"İstəyimiz tam başqa idi. Yenə deyirəm, biz qayda pozuntusunun qeydə alınmasını və oyunun bizə verilməsini istəyirdik. Amma hakimin səhvinin olduğunu demələri, onun cəzalandırılması müsbət haldır. Cənab prezident İlham Əliyev də hakimin cəzalandırılmalı olduğunu demişdi. Hamımız ürəyimizdə bunu istəyirdik. Mən də çıxışlarımda bunu bəyan etmişdim. Müəyyən mənada, istəyimizə nail olduq. Hakimi cəzalandırmaları o deməkdir ki, "Qarabağ" "İnter"i 1:0 hesabı ilə məğlub etdi. İnsan öz-özünə deyir ki, bu cür açıq-aşkar səhvi necə görməmək olar? Buna görə də, qərar məni tam qane etmir. Bariz qolun verilməməsi sual doğurur. Belə hallar olmamalıdır. "Qarabağ"ın haqqının pozulduğunu deyənlərlə razıyam".
