Samir Abasov: Neftçi bu söhbətlərlə özünü mümkün uğursuzluqdan sığortalayır
"Qarabağ"ın və Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi, "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Samir Abasovun azerisport.az saytına müsahibəsi
- 23-cü turun mərkəzi oyunu barədə nə düşünürsünüz?
- Bu turda mərkəzi oyun görmürəm. Təəssüf ki, çempionatımız artıq əvvəlki kimi deyil. "Xəzər Lənkəran"da və digər klublarımızdakı dəyişikliklər çempionata marağı azaldıb.
- Ötən gün "Neftçi" - "Qarabağ" matçının Əliyar Ağayevə tapşırılması böyük ajiotaja səbəb oldu...
- Əvvəllər Kamran Ağayev "Xəzər Lənkəran" - "Neftçi" oyunları ətrafında ajiotaja səbəb olurdu. İndi də yeni təcrübə var. Əminəm ki, "Neftçi"nin futbolçuları "Qarabağ"ın daha güclü olduğunu dərk edirlər. Düzdür, Ağdam klubu hələ hamımızın alışdığı oyunu sərgiləyə bilmir. Amma hətta buna rəğmən də "Qarabağ" rəqibindən güclüdür.
- Sizcə, cəmi bir neçə tur öncə idarəliçiyindən narazı qaldıqları Əliyar Ağayevin yenidən "Neftçi"nin matçına təyin olunması nə dərəcədə düzgündür?
- Sizcə, hakim təyin edən insanlar klubların nazı ilə oynamalıdır? Əliyar ölkənin ən perspektivli hakimi hesab olunur. Hətta mən deyərdim ki, ölkəmizdə onun kimi hakim yoxdur. AFFA bu təyinatla onu da sübut etdi ki, sözügedən qarşılaşma digərlərindən heç nə ilə fərqlənmir.
- Amma "Neftçi" onun təyinatından narazıdır?
- Əliyarın hansısa komandaya simpatiya göstərəcəyinə inanmıram. "Neftçi" sadəcə, özünü mümkün uğursuzluqdan sığortalayır.
- "Qarabağ" bəyanat yayaraq, hakimin dəyişdirilməsinə razı olduğunu da bildirdi, amma AFFA buna razı olmadı. Sizcə, bu, düzgündür?
- Ramin Musayev prinsipial mövqe nümayiş etdirməklə göstərdi ki, ayrı-ayrı klubların maraqlarına xidmət etmirlər.
- Bu oyunla bağlı proqnozunuz necədir?
- Öz fikrimdə qalıram, "Qarabağ" daha güclüdür. Amma heç-heçə olacağını düşünürəm. Çünki "Qarabağ" hələ pis formasında deyil, "Neftçi" isə son turlarda yüksəlişdədir. Ağdamlıların məğlub olmasını da proqnozlaşdırmaq olar.
