Cavid Hüseynov: Şaxtyora qarşı oynamaq maraqlı olacaq
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran"la qarşıdakı oyundan nə gözləyirsiniz?
- Bizi çox ağır oyun gözləyir. Fikrimcə, hər iki komanda üçün çətin görüş olacaq. Bizə qara zolaqdan çıxmaq lazımdır.
- "Neftçi" ilə matçın ilk yarısında yaxşı oynasaz da, fasilədən sonra məğlubiyyətdən qaça bilmədiniz...
- "Neftçi" ilə oyuna böyük istəklə çıxmışdıq. İlk qolu da biz vurduq. İkinci qola da yaxın idik. Amma nədənsə Viktor Mendi fərqli qərar qəbul etdi. Halbuki, ikinci qolu vursaydıq, hər şeyə aydınlıq gələcəkdi. Alınmadı.
- Bundan sonra "Qəbələ"nin hədəfi nədən ibarət olacaq?
- Mümkün qədər üst pillələrdə qərarlaşmaq. Əlbəttə, indiki vəziyyətimiz o qədər də yaxşı deyil. Üç oyundur ardıcıl məğlub oluruq. Amma biz bundan daha yaxşısına layiqik. Öz oyunumuzla da bunu sübut etmişik.
- Bəlkə Roman Qriqorçukun oyun fəlsəfəsi komandaya uyğun deyil?
- Onun futbol fəlsəfəsi böyük klublardakı kimidir. O, bizim də elə oynamağımızı istəyir. Əlbəttə, nəticə də vacibdir. Amma məşqçimizin işə münasibəti xoşuma gəlir. Mənə elə gəlir ki, bizə bir qələbə lazımdır ki, özümüzə gələk.
- Robert Prosineçki sizi də yığmanın toplanışına dəvət edib. Ukrayna "Şaxtyor"u ilə oyundan nə gözləyirsiniz?
- Bu toplanış baş məşqçi ilə tanışlıq xarakteri daşıyacaq. Bizdən nə tələb edəcəklərsə, onu etməyə çalışacağıq. Rəqibimizin kim olmasının elə də fərqi yoxdur. Amma etiraf etmək lazımdır ki, Donetsk komandasına qarşı oynamaq maraqlı olacaq.
