Murad Xaçayev: Öncə Şaxtyor, sonra Azərbaycan yığması
Ukraynanın "Şaxtyor" klubunun futbol akademiyasında azərbaycanlı futbolçu da var. Azerisport.az xəbər verir ki, bu, 17 yaşlı Murad Xaçayevdir.
O, saytımıza açıqlamasında özü barədə danışıb: "Anam Zaqataladandır, atam isə avardır. Ailəmizdə futbolla yalnız mən məşğul oluram. İlk klubum Luqanskın "Zarya" komandası olub. Sonradan məni "Şaxtyor"a dəvət etdilər".
Xaçayev tanınmış mütəxəssis Gennadi Orbunun rəhbərliyi altında məşq edir: "Əsasən hücumçu və ya hücumameylli yarımmüdafiəçi kimi çıxış edirəm. Orbu məndən razıdır".
Xaçayevin sözlərinə görə, o, Azərbaycan yığmasında oynamaq istəsə də, buna mane olan səbəblər var. Çünki Murad millimizə çağırılsa, o, klubunda legioner sayılacaq: "AFFA-dan mənə dəvət gələndə "Şaxtyor"dan dedilər ki, "özün seçim et". Heç kim mənə təzyiq göstərmədi. Əksinə, mənim istənilən qərarımı dəstəkləyəcəklərini bildirdilər. Amma buradan getmək istəmirəm. Mənim burada Çempionlar Liqasında oynamaq şansım var. Valideynlərim isə Azərbaycan yığmasında oynamağımı çox istəyirlər".
Xaçayevi Ukrayna yığmasına da dəvət ediblər. O, bir dəfə bu ölkənin U-16 millisinin heyətinə çağırılıb.
Murad Azərbaycan Premyer Liqasında "Qəbələ"nin çıxışını izlədiyini bildirib. Buna səbəb kimi isə Azərbaycan klubundakı ukraynalıların sayının çox olmasını göstərib: "Məsələn, Qay vaxtilə "Şaxtyor"da oynayıb. Onun, Fominin, Qriqorçukun meneceri mənə də menecerlik edir. O, mənə deyib ki, hətta səni də "Qəbələ"yə apara bilərəm. Amma dediyim ki, "Şaxtyor"u tərk etmək istəmirəm".
Xaçayev nə vaxtsa Azərbaycan yığmasında oynamaq istədiyini gizlətməyib: "Hədəfim "Şaxtyor"un əsas komandasına düşməkdir. Oradan isə Azərbaycan yığmasına dəvət ala bilərəm. Sadəcə, hazırda bursda müəyyən problemlər var. Gələcəkdə necə olacağını heç kim deyə bilməz".
