Ansi Aqolli: Neftçi həmişə təhlükəlidir
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
- "Neftçi" ilə oyuna hazırlıq necə gedir?
- Hər şey normaldır. Həmişəki kimi, adi qaydada hazırlaşırıq.
- Rəqibiniz üçüncü dövrəyə elə də inamlı başlamayıb, qeyri-sabit nəticələr göstərir...
- "Neftçi" həmişə "Neftçi"dir. Bu komandaya qarşı oyunlar daim çətin keçir. Qarşıdakı oyun həm onlar, həm də bizim üçün vacibdir. Hər iki komanda üç xal üçün mübarizə aparacaq.
- Sizcə, "Neftçi" "Qarabağ"dan xal alacaq gücdədir?
- Bu komanda həmişə təhlükəlidir. Yaxşı, keyfiyyətli oyunçuları var, futbol oynamağı bacarırlar. Ola bilər ki, indi istədikləri yerdə deyillər, amma onlar sonadək mübarizə aparacaqlar.
- "İnter"dən 7, "Neftçi"dən 10 xal öndə olmağınız sizi arxayınlaşdırmır?
- Qətiyyən! Biz hər bir oyuna çox ciddi hazırlaşırıq.
- UEFA İtaliya "İnter"i ilə oyunun baş hakimi Miroslav Zelinkanın cəzalanacağını bəyan edib...
- Bu, artıq bizim üçün heç nəyi dəyişməyəcək.
- Amma öncə çıxarılan qərarda heç hakimin cəzalanacağı da deyilmirdi...
- Mən buna təəccüblənmədim. Biz sadəcə, ədalətin bərpa olunmasını tələb edirdik. UEFA da öz qərarını verdi. Təbii ki, həmin hadisəyə görə hələ də hirsliyik. Amma nə etmək olar? Hakimin kobud səhvinə görə hər şey belə alındı. Həyata davam etmək lazımdır.
- Bəlkə də bunu soruşmaq tezdir, amma sizcə, çempionluq şanslarınız nə dərəcədə yüksəkdir?
- Şübhəsiz ki, şansımız var. Amma qarşıda hələ çox oyun var. Sadəcə, xal itkisinə yol verməməliyik. Hər oyunda xal qazanmaq lazımdır. İndi isə ilk növbədə "Neftçi" ilə oyuna köklənməliyik.
