Kazbek Tuayev: Gənclərin maaşına limitin əleyhinəyəm
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığması bu ay Robert Prosineçkinin rəhbərliyi altında ilk toplanışına hazırlaşır...
- Komandamızın bu toplanış çərçivəsində Ukrayna "Şaxtyor"u kimi rəqiblə qarşılaşmaq imkanı qazanması yaxşıdır. Ümid edirəm ki, bu toplanış komandamız üçün faydalı alınacaq. Heyətdə gənc futbolçular çoxdur. Onları yoxlamaq lazımdır.
- Onların arasında 17 yaşlı Anton Krivotçukun olmasını necə qarşıladınız?
- Prosineçki bir neçə dəfə onu iş başında görmüşdü. Görünür, oyununu bəyənib. Amma bu dəvət daha çox gələcəyə hesablanmış addımdır. Bu, o demək deyil ki, elə bu toplanışdan əsas heyət oyunçusu olacaq. Sadəcə, yığmadakı atmosferi hiss etməlidir. Prosineçki öz işinə peşəkarcasına yanaşır. Bunu ancaq alqışlamaq olar.
- Xorvatiyalı mütəxəssis üçün Malta ilə ev oyununda qələbə qazanmaqla uğurlu debüt etmək imkanı var. Razısınız?
- Maltalıları doğma meydanda mütləq məğlub etməliyik.
- Eddi İsrafilov bizə kömək edə biləcək?
- Onun bizə kömək edib-etməyəcəyini deyə bilmərəm, amma Maltanı yenməliyik. Bu komandaya istənilən halda qalib gəlmək lazımdır.
- İcraiyyə Komitəsinin mart toplanışı zamanı nələri müzakirə edəcəyini bilirsiniz?
- Konkret hansı məsələlərin müzakirə ediləcəyini bilmirəm.
- Klublar Komitəsi artıq İK-da baxılması üçün bir neçə məsələ qaldırıb...
- Hə eşitmişəm. 21 və 23 yaşadək futbolçuların maaşına limit qoyulması ilə bağlı təklif daha çox diqqətimi çəkdi. Amma mən bunu dəstəkləmirəm.
- Niyə?
- "Barselona" Lionel Messini 12 yaşında 5 milyon avro qarşılığında transfer etmişdi. Normal futbolçular 20 yaşında oynayırlar, biz limit qoyuruq. Başa düşə bilmirəm. Mən "Neftçi"yə keçəndə 20 yaşım var idi. Heç kim mənim maaşıma limit qoymurdu. Klublar Komitəsinin yaradılmasını normal hesab edirəm.
- Bəs legioner limitinin necə olmasını təklif edirsiniz?
- Həmişə istəmişəm ki, meydanda daim altı yerli oyunçu olsun. Əvvəllər meydanda 3-dən artıq legioner olmasını istəmirdim. Amma sonradan fikrim dəyişdi.
