Seyidov: Prosineçkidən Malta ilə oyuna dəvət gözləyirəm
"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" üzərində qələbə (3:1) ilə bağlı nə deyə bilərsiniz?
- Çətin olacağını bilirdik. "Qəbələ" son iki oyununda məğlub olmuşdu və bizimlə oyunda həmin uğursuzluqları unutdurmaq istəyindəydi. Üstəlik, evdə çıxış edirdilər. Hava şəraiti də yaxşı deyildi. Amma bizə üç xal çox lazım idi. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. "Xəzər Lənkəran" üzərindəki qələbədən sonra sanki nəfəsimiz açılmışdı.
- Amma ilk yarıda oyununuz getmirdi. Baş məşqçiniz fasilədə sizə nə dedi ki?
- Tapşırıq demək olar ki, əvvəlki kimi idi. Sadəcə o, bizi gücümüzə inandırdı. İlk hissədə oyunumuzun getməməsi isə çətin hava şəraitindən irəli gəlirdi. Çünki dumanlı havada oynamağa alışmamışdıq.
- "Neftçi"nin uğursuz seriyaya son qoyduğunu demək olar?
- Biz çempionluq yolunda çox vacib xallar itirmişik. Amma hələ mübarizə aparmalı olduğumuz nələrsə var. Qarşıda "Qarabağ"la oyun var ki, həmin oyunda öz gücümüzü göstərməliyik. Ancaq qələbə barədə düşünmək lazımdır.
- "Qarabağ" üzərində "Neftçi"ni çempionluq uğrunda mübarizəyə qaytaracaq?
- Bu oyun bizim üçün çox vacibdir. "Qarabağ" "Simurq"a qalib gəlib. Onlar bizi 10 xal qabaqlayırlar. Bu fərqi azaltmaq lazımdır.
- Zədədən sonrakı ilk oyununuz barədə nə deyə bilərsiniz?
- Çətin alındı. Birinci hissədə heç nə nümayiş etdirə bilmədim, ağrılar hiss edirdim, oyunun tempini tuta bilmirdim. Amma oyunum alınmasa da, əsas komandamın qələbə qazanmasıdır.
- Ruslan Qurbanovun "Hayduk"a keçidi barədə nə düşünürsünüz?
- Xorvatiya klubu onu bəyənibsə, deməli, Qurbanovun oyun üslubu onların xoşuna gəlir. Ona yalnız uğurlar arzulaya, təbrik edə bilərik. Gələcəkdə bütün bu transferlər yığma komandamıza fayda gətirəcək.
- Robert Prosineçkinin sizi Malta ilə oyuna çağıracağına ümid edirsiniz?
- Bəli. Amma bunun üçün özümü ən yaxşı tərəfdən göstərməyim lazımdır ki, yüz faiz hazır olum.
