Elxan Abdullayev: Bildiyimə görə, Şaxtyor əsas heyətlə oynayacaq
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi
- Millinin Türkiyə toplanışı üçün heyətini necə şərh edə bilərsiniz?
- Legioner futbolçulara dəvət göndərə bilməzdik. Çünki Ukrayna "Şaxtyor"u ilə oyun rəsmi deyil. "Neftçi"nin futbolçularına da AZAL-la təxirə salınmış görüşə görə dəvət göndərilmədi. Dəvət olunanlara gəlincə, mənim fikrimcə, hazırda ən hazırlıqlı olanlardır. Onları Malta ilə oyun öncəsi yoxlamağa çalışacağıq.
- Bəs Anton Krivoçukun çağırılması barədə nə deyərdiniz?
- O, U-17 yığmamızın üzvüdür. Antalya toplanışı zamanı Roman Qriqorçuk onun da oyununu gördü. Bu toplanışda isə onu yoxlamağa qərar verdi.
- Bu toplanışdan nə gözləyə bilərik?
- Hər şeydən öncə rəsmi oyun öncəsi futbolçuların hazırlıq durumunu yoxlamaq istəyirik. Prosineçki isə oyunçuları daha yaxından tanımaq imkanı əldə edəcək.
- "Neftçi"nin futbolçuları və legionerlər olmadan milli üzvlərini yoxlamaq çətin olmayacaq?
- Bu gün üçün kimləri yoxlamaq imkanımız varsa, bundan da istifadə etməliyik. Üstəlik, hər il Çempionlar Liqasında çıxış edən adlı-sanlı klubla yoxlama oyunu keçirmək imkanımız olacaq.
- Amma klub komandası ilə oynamağın özü də normal qarşılanmadı...
- FİFA-nın yoxlama oyunları keçirmək üçün tarixlərin sayını azaltması işimizi çətinləşdirir. Amma nə etmək olar? İndiki zamanda belə bir fürsət varsa, bundan yararlanmağımız lazımdır. Gördüyünüz kimi, millidə gənc futbolçular çoxdur.
- "Şaxtyor"un hansı heyətlə oynayacağını bilirsiniz?
- Bildiyim qədərilə Ukrayna çempionu əsas heyəti ilə oynayacaq.
