Viktor Mendi: Qapıçı mənə toxunmamışdı, penalti yox idi
"Qəbələ"nin hücumçusu Viktor Mendi Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyətləri ilə bağlı bunları söyləyib:
"Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Birinci hissədə çox yaxşı oynadıq. Üstün tərəf idik, qol da vurduq. İkinci hissədə isə oyunumuz getmədi. Görünür, qələbə qazanmağa hazır deyilmişik. Baxmayaraq ki, buna ehtiyacımız böyük idi. Fasilədə Roman Qriqorçuk irəli getməyimizi tapşırdı. Amma hücumda oyunuz getmədi. Bizə qələbə lazımdı ki, özümüzü göstərə bilək. Qapıçı ilə üz-üzə qaldığım epizodda onu keçdim və zərbə də vura bilərdim. Amma yıxıldım. Məncə, orada penalti yox idi, çünki qapıçı mənə toxunmamışdı. Hakimin qərarına hörmətlə yanaşıram".
