Kamran Quliyev: Sumqayıtda heç kim 50 000-dən artıq pul qazanmır
"Sumqayıt"ın prezidenti Kamran Quliyev Klublar Komitəsinin gənc futbolçuların maaşı ilə bağlı son təkliflərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"da futbolçuların maaşı onsuz da təklif olunan məbləğdən aşağıdır. "Sumqayıt"da 50 000-dən artıq pul alan yoxdur. Klublar Komitəsinin təklifi qüvvəyə minməsi bizim üçün də müsbət hal olacaq. Biz 21 yaşadək futbolçuya 30 min manat verə bilərik. Bu isə onun başqa komandaya qaçmasına təsir etməyəcək. Çünki digər klublarda da oxşar məbləğdən artıq qazanmayacağını biləcək. Səhv etmirəmsə, bu təklif bütün klublar tərəfindən bəyənilib. Bu, gənc futbolçular üçün də bir siqnaldır. Əgər hansısa gənc futbolçu bu məbləğdən daha artığına layiq olduğunu düşünürsə, onda qoy xaricə getsin. Belədə o, həm də ölkəmizi layiqincə təmsil etmək şansı qazanacaq. Yadınızdadırsa, müstəqillik qazanandan sonra da əksər futbolçularımız xaricə üz tutdular. Məsələn, Nazim Süleymanov, Vəli Qasımov, Şahin Diniyev, İlham Yadullayev, Tərlan Əhmədov, Samir Əliyev, Kamal Quliyev və sair. Amma elə xaricə getmək xatirinə ölkədən çıxmaq da düz deyil. Hər bir futbolçu onun inkişafına kömək edəcək perspektivli variantları seçməlidir".
