Elmar Baxşiyev: Qəbələ - Neftçi oyununda heç-heçə olmayacaq
Azərbaycan yığmasının sabiq futbolçusu Elmar Baxşiyevin azerisport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının 22-ci turunun mərkəzi oyunu kimi hansı qarşılaşmanı görürsünüz?
- Mənə elə gəlir ki, "Qarabağ"la "Simurq" arasındakı oyunu qeyd etmək olar. Hər iki komanda baxımlı oyun sərgiləyir. Çox qol vurmağı xoşlayırlar.
- Kimi favorit sayırsınız?
- "Qarabağ"ı. Mənə elə gəlir ki, Ağdam klubu qalib gələcək.
- "Qəbələ" - "Neftçi" oyunundan nə gözləyirsiniz?
- Bu oyun da ən maraqlı görüşlərdən biridir. Hər iki komandaya qələbə lazımdır. Əlbəttə, "Neftçi" "Xəzər Lənkəran" üzərindəki qələbədən sonra bir qədər özünə gəlib. Amma "Qəbələ" daha ciddi rəqibdir.
- Proqnozunuzu demədiniz...
- Belə deyək: heç-heçə olmayacaq (gülür).
- "Bakı"nın "İnter"lə oyunda sensasiya etmək şansı var?
- Mənə elə gəlir ki, "İnter" meydana qələbə qazanmaq üçün çıxacaq. Hər kəsə məlumdur ki, "Bakı" ən ağır günlərini keçirir. Fikrimcə, "bankirlər" yaxşı oyun sərgiləyib, qalib gələcəklər.
- AZAL son turlarda çox yaxşı təsir bağışlayır. Bu komandanın "Sumqayıt"la görüşü barədə nə düşünürsünüz?
- AZAL avrokuboklara düşmək istəyirsə, "Sumqayıt"ı məğlub etməlidir. Amma digər tərəfdən sumqayıtlılar da uduzmamağa çalışacaqlar.
