Qara Qarayev: Avropada gənc oyunçuların maaşlarına limit var?
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev AFFA-nın Klublar Komitəsinin 21 və 23 yaşadək futbolçular üçün maksimum maaş qərarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu il 23 yaşım tamam olur. Ona görə çətin ki, bu qərar mənə aid olunsun. Bu təklifə gəlincə, yəqin ki, ölkədə futbolun inkişafına nail olmaq üçün edirlər. Digər tərəfdən hardasa belə bir təcrübə var? Avropada gənc oyunçular milyonlar qazanırlar. Mən demirəm ki, biz də elə qazanaq. Sadəcə, heç bir yerdə maaşa limit qoyulmur. Fikrimcə, hər bir klub öz oyunçusuna nə qədər maaş verəcəyini özü müəyyənləşdirməlidir. Əgər hansısa futbolçu maaşı artırılandan sonra zəif oynamağa başlayırsa, elələrinin maaşını azaltsınlar. Bəlkə ondan sonra yaxşı oynayar".
