Milan Dyuriç: Azərbaycanda çalışmağı özüm də istəyirdim
Serbiyanın 16 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Milan Dyuriçin azerisport.az saytına müsahibəsi
- Sizi Azərbaycanda görə biləcəyikmi?
- Bəli, Bakıya gələcəyəm. 17 yaşadək futbolçular arasında Avropa çempionatına. Ondan öncə planım yoxdur. Amma hər şey ola bilər.
- Deyilənə görə, siz Azərbaycan yığmasına rəhbərlik edə bilərmişsiniz...
- Bəli, belə bir söhbət var idi. Mən özüm də istəyirdim.
- Niyə alınmadı?
- Bilmirəm. Sonra mənə zəng etmədilər.
- AFFA rəsmilərindən kimsə sizinlə əlaqə saxlamışdı?
- Xeyr. Amma danışıqlar konkret idi.
- Robert Prosineçki ilə danışmışdınız?
- Bəli. Bilirdim ki, o, gənclərdən ibarət yığmanızı mənim çalışdırmağımı istəyir. Əsas yığmanın baş məşqçisi həmişə gəncləri onun güvəndiyi bir mütəxəssisin çalışdırmasını istəyir.
- Sizcə, Prosineçkidə Azərbaycan yığması ilə nəsə alınacaq?
- Mən onunla "Srvena Zvezda"da birgə çalışmışam. Prosineçki əla məşqçidir. Əminəm ki, o, komandanıza yeni nələrsə gətirəcək.
- Amma onun elə də böyük təcrübəsi yoxdur.
- Robert öyrənir. O, oyunçularla ətraflı işləyir. Sadəcə, ona müəyyən vaxt lazımdır. Federasiya rəhbərliyinə isə dözüm.
- Azərbaycan futbolu barədə nə bilirsiniz?
- Azərbaycan futbolunun inkişafda olduğundan xəbərim var. Bunu hər yerdə hiss etmək olur. Klublar da inkişaf edir. "Qarabağ"ın Avropa Liqasındakı çıxışını izləyirdim. Onlar əla oyun sərgiləyirdilər. "Neftçi"nin "Partizan"la oyunlarını da xatırlayıram. Bu komanda ilə sizin "İnter" də oynamışdı.
