Dmitri Kramarenko: Artıq çəki yığdığıma görə məşq etməliyəm ki, Əfsanələr Kubokunda meydana çıxa bilim
Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun azerisport.az saytına müsahibəsi
- Moskvada işləriniz necədir? Nə işlə məşğul olursunuz?
- Hər şey normaldır. Hələ elə bir xüsusi xəbər yoxdur. Fevralın 14-də ənənəvi Əfsanələr Kuboku başlayacaq. Orada iştirak edəcəyəm. Fevralın sonunda isə Bakıya danışıqlara gələcəyəm.
- Kiminlə?
- Hələ bu barədə danışmaq istəmirəm. Hər şeyə aydınlıq gələndən sonra açıqlama verərəm.
- Siz qeyd etdiyiniz turnirdə Marko Delvekkio, Yari Litmanen, İbrahim Ba kimi keçmiş futbolçularla bir komandada yer alacaqsınız...
- Bəli, mən Ruslan Niqmatullinlə birgə "Futbol ulduzları" komandasında yer alacağam. Eqor Titov isə Rusiya yığmasında oynayacaq. Amma istənilən halda burada Azərbaycanı təmsil edəcəyəm.
- Niqmatullin yaxşı qapıçı olub. Onunla rəqabət nə dərəcədə ciddi olacaq?
- Bunu indidən deyə bilmərəm. Bircə onu bilirəm ki, məşq etməliyik. Bir az artıq çəkim var. Aş və dolma yeməkdən çəkim artıb (gülür).
- Kamran Ağayev "Kayserispor"a keçib və ötən gün "Beşiktaş"a qarşı kubok oyununda uğurlu debüt etdi. Bunu necə qarşıladınız?
- Onu izləyirəm. Keçidindən də xəbərim var. Uğurlu debütünə də sevindim. Ona uğurlar arzulayıram.
- Keçmiş komandanızın çıxışını da izləyirsiniz?
- Əlbəttə. "Qəbələ"də həyatımın yaxşı dövrlərindən birini keçirmişəm.
- "Simurq" - "Qəbələ" matçına baxmısınız?
- Bəli. Komandanın oyunu alınmadı. Amma insaf naminə Zaqatala klubunun yaxşı oyununu da qeyd etmək lazımdır.
- Sizcə, "Qəbələ"də nə baş verir? Öncə AZAL, sonra "Simurq" məğlubiyyəti...
- "Qəbələ"də hər şeyin o dərəcədə pis getdiyini deməzdim. Birinci hissənin sonunda Dmitri Bezotosnının meydandan qovulması, penalti təyin olunması oyunun gedişatına çox təsir etdi.
