Samir Zərgərov: Qəbələnin qapıçısı topa toxunmamışdı
"Simurq"un yarımmüdafiəçisi Samir Zərgərovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" üzərindəki qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı. "Qəbələ" Avropa Liqasına vəsiqə qazanmaq yolunda əsas rəqiblərimizdən biridir. Belə bir rəqibi öz meydanımızda məğlub etməyə borclu idik. Vəzifəmizin öhdəsindən layiqincə gəldik. Artıq bu uğurun davamını gətirmək haqda düşünməliyik.
- Sonuncu ümid foluna görə penalti doğrudan da var idi?
- Mən həmin epizodun iştirakçısı idim və sizə dəqiq deyə bilərəm ki, qapıçı topa toxunmamışdı. O, təkcə mənə toxunmuşdu.
- Epizodun təkrarına baxanda sizin Dmitri Bezotosnıya tərəf hərəkət etdiyinizi görmək çətin deyil. Bunu qəsdən etdiniz?
- Belə deməzdim. Mən sadəcə, topu kənara çəkib qapıya zərbə vurmaq istəyirdim. Qələbə qazanmışıq və qalan şeylərin heç bir önəmi yoxdur.
- Komandanız Avroliqaya düşmək şansını bir qədər də artırdı...
- "Simurq"un avrokuboklarda iştirak etməsi üçün əlimizdən gələni edirik. Bizi asan mübarizə gözləmir.
- Yəqin ki, sizə yaxşı mükafat təyin olunacaq...
- Klub rəhbərliyi komandanın Avropada çıxış etməsini istəyir. Bizə öncədən qələbə üçün müəyyən məbləğ ödəniləcəyi bildirilib. Maliyyə baxımından problemimiz yoxdur. Ümid edirəm ki, növbəti mövsümdə Avroliqada çıxış edəcəyik.
- Artıq 4 gün sonra "Qarabağ"la oyun var. Bərpa mümkün olacaq?
- Fikrimcə, elə problem olmayacaq. Şəxsən belə tez-tez oynamaq mənə xoşdur. Oynamaq məşq etməkdən daha çox xoşuma gəlir (gülür). "Qarabağ"la oyuna gəlincə, görüşün çətin keçəcəyini bilirik. Amma bizim də öz hədəflərimiz var və yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq.
