Benjamin Lambot: Simurq medallar uğrunda mübarizə üçün potensiala malikdir
"Simurq"un yarımmüdafiəçisi Benjamin Lambotun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" ilə oyundan nə gözləyirsiniz?
- Vacib oyundur. Evdə oynayacağımıza görə qələbə qazanmaq üçün sonadək mübarizə aparacağıq. Rəqib komandanın yeni transferləri, yaxşı futbolçuları var. Amma bizim də qarşımızda ciddi hədəflər var.
- Konkret nəyi nəzərdə tutursunuz?
- Hesab edirəm ki, "Simurq" medallar uğrunda mübarizə aparmağa qadirdir.
- Son turda "Neftçi" ilə oyun sizi buna inandırdı?
- "Neftçi" yaxşı komandadır. Həm də onlar əvvəlki turda AZAL-a uduzmuşdular. Rəqibin bir neçə sürətli futbolçusunun olduğunu bilirdik. Müdafiədən, əks-hücumda oynamağa qərar vermişdik. Qol vəziyyətlərimiz də oldu. Yaxşı ki, uduzmadıq və pis oynamadıq.
- Son dəqiqələrdə Cihan Özkara Draqan Çeranın zərbə mövqeyinə çıxranda qol olacağını düşündünüz?
- Bu, bizim əlimizə düşən ən yaxşı qol epizodlarından biri idi. Amma yararlana bilmədik. Bu, futboldu, hər şey olur. Qarşıya baxmaq lazımdır.
- Bu heç-heçə sizin üçün iki xal itkisidir, yoxsa 1 xal qazandınız?
- Üç xal qazanmağımız əla olardı. Amma heç-heçə də normal nəticədir.
- "Simurq"un daha üst pillələrdə qərarlaşmağa gücü çatacaq?
- Komandada potensial var. Bu, dəqiqdir. Biz indikindən də yaxşı mövqedə qərarlaşacağımıza inanırıq. Amma hazırda "Qəbələ" ilə oyun barədə düşünməliyik.
