Muarem: Qarabağda xoşbəxtəm, Əskişəhərspor söhbəti də Antalyada qaldı
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi
- Sabah komandanız AZAL-la qarşılaşacaq. Bu oyundan nə gözləyirsiniz?
- Üçüncü dövrənin ilk oyununda qələbə qazandıq. Aydın məsələdir ki, AZAL-la oyun çətin keçəcək. Onlar qış fasiləsindən sonrakı hər iki oyundan qalib ayrılıblar. Amma biz də zəif deyilik və üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- "Bakı" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Etiraf edim ki, ikinci hissənin əvvəlində xeyli çətinlik çəkdik. Amma buna hazır idik. Çünki rəqibin gənclərdən ibarət döyüşkən heyətə malik olduğunu bilirdik. Onlar bu oyunda bütün bacardıqlarını ortaya qoydular. Yaxşı ki, biz Türkiyədə yaxşı hazırlıq keçə bilmişdik. Qələbə qazandığımıza görə şadam.
- Hakimlə mübahisənizə nə səbəb oldu?
- Tez-tez qayda pozuntusu qeydə alması futbolçuları özündən çıxarırdı. Amma hakimin də qərarlarına hörmətlə yanaşmaq lazımdır.
- Bu oyun ərəfəsində UEFA-nın "Qarabağ" - "İnter" görüşü barədə çıxardığı qərar sizə necə təsir etdi?
- Mən UEFA-nın başqa qərar çıxaracağına ümid də etmirdim.
- Amma bəzi komanda yoldaşlarınız müsbət qərara inanırdı...
- Mən isə yox. Ondan öncə də çoxlu hakim səhvləri olub və heç nə dəyişməyib. Əlbəttə, fərqli qərar çıxarılsaydı, yaxşı olardı. Yəqin ki, UEFA da həmin epizoda baxıb və bu barədə ən azından müsbət nəsə açıqlama yaya bilərdi.
- Deyilənə görə, siz mövsümün sonunda "Qarabağ"ı tərk edəcəksiniz...
- Mən heç kimə belə bir söz deməmişəm. Qarşıda bizi ciddi oyunlar gözləyir və buna diqqət yetirməliyəm. Nə qədər ki burdayam, "Qarabağ" haqda düşünəcəyəm. Başqa komandalar barədə düşünmürəm.
- Türkiyənin "Əskişəhərspor" klubunun yayda yenidən sizinlə danışıqları bərpa etməsi mümkündür?
- Antalyada belə bir söhbət oldu, orda da qaldı. İndi elə bir söhbət yoxdur. Əgər yenə nəsə olsa, hamı biləcək.
- Sizin bu məsələdə mövqeyiniz maraqlıdır...
- Əsas odur ki, klublar razılığa gələ bilmədilər.
- Özünüzü Super Liqada sınamağı istəyirdiniz?
- Əlbəttə, orada oynamaq istərdim. Kim istəməz ki, Türkiyə çempionatında oynasın? Amma hazırda "Qarabağ"dayam və buna görə xoşbəxtəm.
