Topaz Premyer Liqasında 21-ci tur həyacanı
Bu gün və sabah Topaz Premyer Liqasında 21-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək tur avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Simurq”la “Qəbələ” arasındakı qarşılaşma ilə start götürəcək.
“Neftçi” ilə “Xəzər Lənkəran” arasında növbəti “Böyük oyun” da bu tura təsadüf edəcək. 2015-ci ildə xal itirməyən iki komanda – “Qarabağ” və AZAL görüşü də turun maraq vəd edən görüşlərindəndir.
Zaqatalada keçiriləcək oyuna maraq böyükdür. “Simurq”la “Qəbələ”nin əvvəlki 24 oyununda meydan sahibləri 8, qəbələlilər isə 9 qələbə qazanıblar. Daha 7 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqində də "Qəbələ"nin kiçik üstünlüyü var - 25:22. Yubiley - 25-ci matçına çıxacaq komandaların əvvəlki duellərində “Qəbələ” son 6 görüşün yalnız 1-də məğlub olub. Zaqatala təmsilçisi öz meydanındakı son 3 görüşdə qalib gələ bilməyib. Bu mövsüm Zaqatalada keçirilmiş ilk oyunda məhz "Qəbələ" 2:1 hesabıyla üstün olmuşdu. Maraqlıdır ki, "Simurq" da ikinci dövrədə Qəbələdə 3:2 hesabıyla qalib gəlmişdi. Bu dəfə hansı nəticənin qeydə alınacağı maraqla gözlənilir.
İkinci oyun günündə öncə “Bakı” “Sumqayıt”ı qəbul edəcək. Tərəflərin əvvəlki 10 oyununda "Bakı"nın 4, "Sumqayıt"ın 2 qələbəsi olduğu halda, qalan 4 görüşdə heç-heçə qeydə alınıb. Top fərqində də "zolaqlılar"ın 9:7 üstünlüyü var. Amma paytaxtın eyniadlı təmsilçisi son 4 qarşılaşmada rəqibinə qalib gələ bilmir. Bu komandaların son 5 matçında meydan sahibi olan tərəf qələbə qazanmır. Son 3 oyunda isə hər iki komanda qol sevinci yaşayıb. Bu mövsüm keçirilən oyunlarda da sumqayıtlılar səfərdə 2:1 hesabıyla qalib gəlmişdilər, Sumqayıtdakı oyunda isə 1:1 hesabı qeydə alınmışdı.
Çempion "Qarabağ" səfərdə AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. “Qarabağ” əvvəlki 24 oyundan 13-də qələbəyə sevinib. 6 oyunda heç-heçə qeydə alındığı halda, "təyyarəçilər" cəmi 5 dəfə 3 xal qazana biliblər. Ağdamlılar top fərqində də üstünlüyə malikdilər - 31:23. Ardıcıl 4 oyunda rəqibinə qalib gələn “Qarabağ” yubiley – 25-ci oyunda da eyni uğura imza atmağa çalışacaq. AZAL isə son 2 ev oyununda rəqib qapısına qol vura bilməyib. Qış fasiləsindən sonra "Qəbələ" və "Neftçi"yə qalib gəlmiş Tərlan Əhmədovun komandası sürprizə imza ata bilər. Amma "Qarabağ"ın bu rəqibinə asanlıqla xal verəcəyini gözləmək olmaz. Bu mövsüm baş tutmuş hər iki qarşılaşmada Ağdam klubunun qalib gəlməsi də (3:0, 2:1) bundan xəbər verir.
Nəhayət, turun qapanış matçında prinsipial rəqiblər - “Neftçi” və “Xəzər Lənkəran” üz-üzə gələcək. Əvvəlki 31 oyundan 11-də bakılılar, 7-də isə lənkəranlılar qalib gəliblər. Qalan 13 qarşılaşmada da tərəflər bərabərliyə imza atıblar. Top fərqi də bakılıların xeyrinədir - 34:25. 2 ildən artıqdır “Böyük oyun”larda uduzmayan “Neftçi” son 6 qarşılaşmadan hər birində ən azı 1 xal qazanıb. Ardıcıl 4 ev oyununda qələbə qazanan paytaxt təmsilçisi öz meydanında yalnız 1 dəfə - 7 il əvvəl məğlub olub. Ümumiyyətlə, “Böyük oyun”lar tarixində 3 dəfə qonaq olan tərəf qalib gəlməyi bacarıb. "Neftçi" bu mövsüm ilk ev oyununda 1:0 hesabıyla üstün olub. Lənkərandakı görüşdə isə 2:2 hesablı heç-heçə qeydə alınmışdı.
Topaz Premyer Liqası
21-ci tur
10 fevral
17:00. “Simurq” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala şəhər stadionu.
11 fevral
14:00. “Bakı” - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüqar Bayramov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
15:00. AZAL - “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “AZAL Arena”.
16:00. “Neftçi” - “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. “Bakcell Arena”.
| 1 | Qarabağ | 17 | 11 | 4 | 2 | 33-18 | 37 |
| 2 | İnter | 18 | 8 | 9 | 1 | 28-8 | 33 |
| 3 | Neftçi | 17 | 7 | 6 | 4 | 20-14 | 27 |
| 4 | Simurq | 18 | 7 | 4 | 7 | 27-22 | 25 |
| 5 | AZAL | 17 | 6 | 5 | 6 | 21-26 | 23 |
| 6 | Qəbələ | 18 | 5 | 7 | 6 | 21-25 | 22 |
| 7 | Xəzər Lənkəran | 18 | 5 | 5 | 8 | 23-24 | 20 |
| 8 | Sumqayıt | 17 | 4 | 4 | 9 | 19-27 | 16 |
| 9 | Bakı | 18 | 2 | 4 | 12 | 14-42 | 10 |
| 10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Bombardirlər:
10 - Nurlan Novruzov ("Bakı").
8 - Mikel Alvaro (“İnter”).
7 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Draqan Çeran ("Simurq"), Rəşad Eyubov ("Simurq").
6 - Franko Nildo ("İnter"), Cavid Hüseynov ("Qəbələ").
5 - Freddi Mombonqo (AZAL), Leroy Corc ("Qarabağ"), Dodo ("Qəbələ"), Rəşad Abdullayev (AZAL).
