Roman Qriqorçuk: AZAL-la oyunun hakimliyi qətiyyən xoşuma gəlmədi
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi
- "Qəbələ"nin AZAL-a öz meydanında uduzacağını çox az adam gözləyərdi. Sizin buna hansısa cavabınız var?
- Mən artıq oyundan və nəticədən narazı qaldığımı demişəm. Sadəcə, mən pis oynadığımızı da deməzdim. Nəticədə qanunauyğunluq yoxdur. Çünki qələbə qazanmağa biz daha çox yaxın idik. Daha çox qol vəziyyətlərimiz vardı. Bir neçə dəfə futbolçularımızın zərbəsi nəticəsində top dirəkdən döndü. Oyunun hakimliyi qətiyyən xoşuma gəlmədi.
- Hakimlərə konkret hansı iradlarınız var?
- Mən bir-bir onları bəyan etmək fikrində deyiləm. Sadəcə, gördükləri iş xoşuma gəlmədi. Bu, mənim fikrimdir.
- Komandanızın yeni transferləri barədə nə deyə bilərsiniz?
- Görürəm ki, onlar bacardıqlarından pis oynayırlar. Futbol kollektiv idman növüdür, amma biz cəmi bir aydır birgəyik. İstənilən peşəkar məni başa düşər. Biz hələ yolun başlanğıcındayıq. Sonuncu dəfə uduzduğumuzu düşünmürəm.
- Artıq sabah sizi çətin səfər oyunu gözləyir...
- "Simurq"la oyunun bizim üçün ən çətin olacağını düşünmürəm. Çünki bizim üçün hər bir oyun çətindir. Bizə "Bakı" və AZAL-a qarşı da oynamaq çətin idi. Zaqatalada da çətin olacaq, ondan sonrakı oyunlarda da. Biz hələ istədiyimiz futbolu sərgiləməyə çox uzağıq.
- Bəs komandanız "Simurq"la oyuna nə dərəcədə hazırdır?
- İşlərimizin necə getdiyini görürəm. Sabahkı oyunda daha yaxşı çıxış edəcəyimizi düşünürəm. İnanıram ki, 3 xal qazana biləcəyik.
- Cavid Hüseynova son oyuna görə iradınızı bildirdiniz?
- Mən kimisə günahlandırmaq istəməzdim. Əlbəttə, o, səhvə yol verdi. Ondan başqa da səhvlərimiz də oldu. Elə həmin Hüseynov daha öncə matçın taleyini həll edə bilərdi.
- Ruslan Abışov bundan sonra da cinah müdafiəçisi kimi oynayacaq?
- Uzağa gedə bilmərəm. Hazırda biz əlimizdə olan heyətə və taktikalara uyğun hazırlıq keçirik. Fikrimcə, o, sabah da məhz bu mövqedə çıxış edəcək.
