Rəşad Sadıqov: Legioner oyunçu alsaydıq, gənclərin yolunu bağlamış olardıq
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- "Bakı" ilə matç barədə nə deyə bilərsiniz?
- "Bakı"nın oyunu xoşuma gəldi. Gənc və döyüşkən komandadır. Əsl kişi oyunu sərgilədilər. Biz isə hələ yaxşı formada deyilik. Heç bizdən bunu gözləməyə də dəyməz. Çünki mövsüm yenicə bərpa olunub. Fikrimcə, zamanla daha yaxşı olacaq.
- UEFA-nın İtaliya "İnter"i ilə oyununuz barədə məlum qərarı nə dərəcədə gözlənilməz oldu?
- Buna hazır idik. Çünki UEFA belə vəziyyətlərdə fərqli qərar qəbul etmir. Başa düşürdüm ki, onlar buna ciddi yanaşmırlar.
- Komanda daxilində Türkiyədəki yoxlama oyunlarının uğursuz nəticələrini müzakirə etmisiniz?
- Siz bizim yoxlama oyunlarında yaxşı nəticələr qazandığımızı görmüsünüz? Bu, normaldır. Toplanışlarda yüklənmə çox olur. Həm də yoxlama oyunlarına rəsmi görüşlərdəki kimi köklənə bilmirsən. Mənə elə gəlir ki, hətta "Bakı"ya qarşı da istədiyimiz kimi oynaya bilmədik.
- "Neftçi" və "Qəbələ"yə qalib gəlmiş AZAL-la oyun öncəsi nə düşündüyünüz maraqlıdır...
- Mən hər şeydən öncə Tərlan Əhmədovu təbrik etmək istərdim. O, gözəl komanda yaradıb, döyüşkəndirlər, oynayırlar. Bizi də onlarla gərgin və ağır oyun gözləyir. Fikrimcə, bizi həmin oyunda heç-heçə də qane edəcək.
- Sizə elə gəlmir ki, "Qarabağ"ın bu qış hücumçu almaması problem yaradacaq?
- Ola bilər problem yaransın, ola da bilər ki, yox. Hər şeyi zaman göstərəcək. Bizim kifayət qədər gənc futbolçularımız var ki, onlar da zamanla şans qazanırlar. Əcnəbi futbolçunun transferi həmin gənclərdən hansınınsa əsas komandaya yolunu bağlaya bilərdi. İndi isə elə bir şansımız var.
