Rəşad Abdullayev: AZAL bu oyunla Avroliqaya vəsiqə qazana bilər
AZAL-ın yarımmüdafiəçisi Rəşad Abdullayevin azerisport.az saytına müsahibəsi
- "Qəbələ" üzərindəki qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Hər iki komandada sürət çatışmırdı. Bütövlükdə, oyunun gedişatına görə 0:0 nəticəsi dha gözlənilən idi. Amma bizə arzuolunan qolu vurmaq qismət oldu.
- Penaltini məhz siz yerinə yetirdiniz və çox soyuqqanlı görünürdünüz...
- 90+3-cü dəqiqədə penalti nöqtəsinə yaxınlaşırsansa, istər istəməz həyacan olur. Həm də mən əvvəllər "Qəbələ"də də oynamışdım. Şadam ki, ümidləri doğrultdum və komandama qələbə qazandırdım.
- AZAL-ı üçüncü dövrənin sürpriz komandası saymaq olar. Artıq "Neftçi" və "Qəbələ"yə qalib gəlmisiniz. Özünüz bunu gözləyirdiniz?
- Biz buna hazırlaşmışdıq. Bu oyunlar da göstərdi ki, AZAL daha yüksək yerlər uğrunda mübarizəyə hazırdır. Biz əvvəlki oyunlarda da yaxşı futbol sərgiləyirdik, sadəcə, hər dəfə nəsə çatışmırdı. Qışda isə çatışmazlıqlar üzərində yaxşı çalışmışıq. Mənə elə gəlir ki, belə uğurlu oyunlarımızın sayı çox olacaq.
- Əksər klublar Türkiyədə hazırlaşdığı vaxtda siz Bakıda təlim-məşq toplanışı keçdiniz. Belə görünür ki, Antalyaya gedənlər orada istirahətlə məşğul olublar...
- (gülür) Mən belə deməzdim. Biz Türkiyəyə getməsək də, burada da yaxşı şərait yaradılmışdı.
- AZAL bu templə Avroliqaya vəsiqə qazana bilər?
- Çox az adam gözləyərdi ki, keçirilməmişoyunlara görə biz dördüncü yerə iddia edə bilərik. Fikrimcə, bizim qarşıya qoyulan hədəfə çatmaq üçün çox yaxşı şansımız var. Əsas qələbə qazanmağa davam etmək lazımdır. Ola bilər ki, kimlərsə bizim təsadüfi qələbələr qazandığımızı düşünür. Amma mən bununla razı deyiləm. Biz öz oyunumuzla da burada heç bir təsadüfün olmadığını isbatlayacağıq.
- "Qarabağ"la növbəti oyundan nə gözləyirsiniz?
- Bizi daha güclü rəqiblə oyun gözləyir. "Neftçi" və "Qəbələ" üzərindəki qələbələri unudub, tam olaraq növbəti oyuna köklənməliyik.
