Rəhman Hacıyev: Neftçiyə kömək etməyə hazıram
"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevin azerisport.az saytına müsahibəsi
- "Neftçi"nin yeni ilə uğursuz başlamasına nə səbəb oldu?
- Mən ehtiyat oyunçular skamyasında oturmuşdum. Kənardan danışmaq asandır. Hər kəs bunu yaxşı bilir. Demək olar ki, komandanın oyunu alınmadı. Səhvlər oldu, rəqib də bundan maksimum yararlandı. Ona görə də uduzduq. Başqa səbəb axtarmayın.
- Daha güclü rəqiblərlə oyunlarda necə olacaq?
- "Simurq"la oyuna güclü hazırlaşmışıq. Fikrimcə, daha yaxşı oyun göstərməklə qalib gələ bilərik.
- Deməli, Türkiyə toplanışına baxmayaraq, komanda hələ də tam hazır deyil?
- Deməzdim. Mən bunu ilk oyunumuza aid etdim. İlk oyunlar həmişə çətin olur. Həm də AZAL ciddi komandadır. Komandamızda yaxşı atmosfer hökm sürür. Qarşıdakı oyuna hazırlaşırıq.
- AZAL-a qarşı oynamayacağınızı bilirdiniz?
- Bəli. Çünki mən Türkiyə toplanışında iştirak etməmişdik. Fərdi məşqlər etməyimə baxmayaraq, özümü tam hazır hiss etmirdim.
- Heyətə düşəcəyinizə inanırsınız?
- Baş məşqçinin verəcəyi qərarı gözləyirəm. Arif Əsədovun istənilən qərarına hörmətlə yanaşıram. Hazıram və "Neftçi"yə kömək etmək istəyirəmm. Meydana çıxsam da, çıxmasam da, "Simurq"a qalib gələcəyimizə ümidliyəm.
- Lider "Qarabağ"la xal fərqi artıq kifayət qədər çoxdur. Yəni siz hələ də çempionluq şansınızın qaldığına inanırsınız?
- Bizim üçün hələ heç nə itirilməyib. Qarşıda çoxlu oyun var. Ona görə də indidən nəticə çıxarmaq düzgün deyil. Qələbə qazanmağa davam etsək, çox şey ola bilər.
- Klubunuz çempionluq haqda düşünür?
- "Qarabağ"la 8 xallıq fərq bizi elə də narahat etmir. 5-6 turdan sonra nə olacağını isə hələ heç kim bilmir.
