Qarabağın vəkili: Hakimin cəzalandırılmasını istəyirik
Bu gün günorta saatlarında UEFA Azərbaycan çempionu "Qarabağ"ın qrup mərhələsinin son matçında "İnter"ə qarşı oyunda baş verən hakim səhvlərinə hüquqi qiymət verəcək. Azərisport.az xəbər verir ki, "Qarabağ"-"İnter" görüşünün son dəqiqələrində meydan sahibləri qol vursa da hakim oyundankənar vəziyyət qeydə almaqla nəticəyə təsir edən səhvə yol verib.
"Qarabağ"ın türkiyəli vəkili Gürur Günal azərisport.az-a açıqmalasında vəziyyəti belə dəyərləndirib: "UEFA toplantıda bir sıra məsələləri müzakirə edəcək. Həmin iclasda "Qarabağ"ın etirazına baxılacaq. Biz iki amilin üzərində dayanmışıq. İlk olaraq "Qarabağ" - "İnter" görüşündə hakimin meydan sahiblərinin futbolçusu Riçard Almeydanın vurduğu qolu offsayda kimi dəyərləndirməsi, ikincisi isə görüşün vaxtından əvvəl başa vurulmasıdır. Video görüntülərdə hakimin oyunu 48 saniyə erkən başa vurduğu aşkar görünür. UEFA əsasnaməsində oyunun sona qədər oynanılması vacib şərt kimi qeyd olunub. Bu iki iddiamızın Avropa Futbol Qurumu tərəfindən müsbət dəyərləndiriləcəyinə inanırıq".
Türkiyəli vəkil "Qarabağ" klubundan iclasda heç kimin iştirak etməyəcəyini bildirdi: "UEFA tərəfindən heç kimə dəvət göndərilməyib. Onlar qərarlarını yazılı şəkildə elan edəcək. Mən iclas zamanı qərargahda olacam, amma iclasda iştirak etməyəcəm. UEFA adətən belə toplantıları açıq keçirmir. Biz bütün sənədləri, mətbuatdakı yazıları və görüntüləri onlara göndərmişik. Əlavə sənəd lazım olacağı halda dərhal həll edəcəyik".
Gürur Günalın sözlərinə görə adətən belə məsələlər zamanı UEFA hakimin işini diqqətdə saxlayır: "Hamı maraqlanır ki, "Qarabağ"-"İnter" matçının nəticəsi dəyişdirilə bilərmi? Belə qərarın qəbul edilməsi bir qədər çətindir. Artıq püşk atılıb, növbəti mərhələdə yarışacaq komandalar rəqiblərini tanıyır. Sözsüz son qərarı UEFA verəcək. Biz hakimin cəzalandırılmasını və belə halların təkrarlanmamasını istəyirik. Məktubda da qeyd olunub ki, UEFA-nın ədalətli qərar qəbul edəcəyinə inanırıq. Futbol matçının yenidən keçirilməsi ümumiyyətlə mümkün deyil".
Qeyd edək ki, UEFA-nın "Qarabağ"ın məsələsinə baxacağı iclas Bakı vaxtı ilə saat 14-də başlayacaq (Avropa vaxtı ilə 11:00).
