Millimizin sabiq futbolçusu Rusiya klubunun baş məşqçisi təyin olundu
Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Ağayev Rusiyanın "Volqa" klubunun baş məşqçisi təyin olunub. Azerisport.az xəbər verir ki, bu, onun dörd illik fasilədən sonra Tver klubuna növbəti dönüşüdür.
Amma bu dəfə o, sabiq klubuna futbolçu kimi yox, yeni statusda - baş məşqçi kimi qayıdıb. 2008-ci ildən 2011-ci ilədək "Volqa"da oynayan Emin bu klubda keçirdiyi 90 oyunda 2 qola imza atıb. Bundan əlavə o, Rusiya Kubokunda 10 da oyuna çıxıb. Bir neçə də komandasını meydana kapitan kimi çıxaran Ağayev 2009-cu ildə klubunun ən yaxşı futbolçusu adına layiq görülüb. O, futbolçu karyerasını da məhz bu komandada başa vurmuşdu.
Emin Ağayev Azərbaycan yığmasında 65 oyun keçirib, 1 qol vurub.
Millimizin sabiq üzvü məşqçilik fəaliyyətinə "Anji"nin çalışdırıcısı Hacı Hacıyevin köməkçisi kimi başlamışdı. Daha sonra o, "Dağdizel"in baş məşqçisi təyin olunmuşdu. Son mövsümdə isə o, "Domodedovo"nun böyük məşqçisi idi.
