Böyükağa Hacıyev: Neftçiyə qayıtmaq? Hər şey ola bilər
"Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev azarkeşlərin onun komandaya qayıtmaq istəməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk olaraq qeyd edim ki, hazırda mən işsiz deyiləm. AFFA tərəfindən yaradılan Məşqçilər Şurasının üzvüyəm. Sözsüz, məşqçilik karyeramı davam etdirmək fikrindəyəm. Digər tərəfdən "Neftçi"nin baş məşqçisi var, ona görə bu barədə danışmaq etik qaydalara uyğun deyil. Bir məğlubiyyətə görə komandanın baş məşqçisini dəyişməzlər. Futbolda qələbə qazandığın kimi məğlubiyyətə də hazır olmalısan. Çempionatda vacib oyunlar qarşıdadır, indi yekun haqda danışmaq düzgün deyil.
Etiraf edim ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqovla yaxın dostluq münasibətlərim var. Ona olan hörmətim hamıya məlumdur. Məhz bu səbəbdən gələcəkdə hər şey ola bilər. Hazırda bu məsələ müzakirə obyekti deyil".
